DÜNYA
Yaponiya qaz yataqlarında birtərəfli fəaliyyətə görə Çinə etirazını bildirib
Tokio, 1 avqust, AZƏRTAC
Yaponiyanın xarici işlər naziri Fumio Kişida bəyan edib ki, yapon hökuməti Şərqi Çin dənizindəki qaz yataqlarında Çinin birtərəfli qaydada fəaliyyəti barədə məlumat təsdiqini tapdıqdan sonra bu ölkəyə etirazını bildirib. Yaponiya və Çin 2008-ci ildə həmin regiondakı qaz yataqlarının birgə istismarı barədə razılıq əldə ediblər. Bu razılaşma barədə danışıqlar yarımçıq kəsildikdən sonra Çin iki ölkənin sərhədləri boyunca tikinti işlərini davam etdirir.
Avqustun 1-də F.Kişida jurnalistlərə bildirib ki, Çinə məxsus qazma gəmisi sərhəd xəttinin bu ölkəyə aid tərəfində qeyri-müəyyən fəaliyyətlə məşğuldur. Həmin fəaliyyətlə bağlı təəssüfləndiyini bildirən nazir bəyan edib ki, Yaponiya diplomatik kanallar vasitəsilə dərhal Pekinə etirazını bildirib. F.Kişida əlavə edib ki, yapon hökuməti Çindən qaz yataqlarında birtərəfli qaydada fəaliyyəti dayandırmağı qətiyyətlə tələb edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio