CƏMİYYƏT


Yaponiya saytı Bakıdakı “TEKNOFEST Azərbaycan” festivalı barədə xüsusi məqalə yayıb

Tokio, 28 may, AZƏRTAC

Yaponiyanın “news.yahoo.co.jp” saytı Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalı barədə xüsusi məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, akademik tədqiqatçı Hitoşi Sato tərəfindən qələmə alınan məqalədə Türkiyə istehsalı olan pilotsuz uçan aparatlara (PUA) xüsusi diqqət yetirilir. Vurğulanır ki, 2020-ci ilin payızında Azərbaycan ilə Ermənistan arasında baş verən müharibədə birincinin üstünlüyünü təmin edən həmin aparatlar hazırda Ukraynada da uğurla tətbiq edilir.

Müəllif “Bayraktar TB2” və “Akıncı” PUA-larının yaradıcısı və “Baykar” hərbi şirkətinin texniki direktoru olan Selçuk Bayraktarın özünün idarə etdiyi hərbi təyyarə ilə Bakıya gəldiyini xüsusi vurğulayır.

Qeyd edir ki, “Bayraktar TB2” PUA-sı ukraynalı hərbçilər tərəfindən hazırda həmin ölkədə gedən hərbi əməliyyatlarda geniş istifadə edilir. Bununla bağlı sosial şəbəkələrdə Ukrayna Müdafiə Nazirliyi tərəfindən yayılmış çoxsaylı videogörüntülər var. Hətta ukraynalıların “Bayraktara” xüsusi mahnı həsr etdikləri də yazıda əksini tapıb.

Məqalədə Ermənistanın uzun müddət işğal altında saxladığı Azərbaycan torpaqlarının azad edilməsi zamanı bu PUA-lardan xüsusilə bacarıqla istifadə olunması faktlarına da geniş yer verilib. Məhz “Bayraktar TB2” PUA-ları vasitəsilə ermənilərin səngərlərinin və hərbi texnikasının tam dəqiqliklə məhv olunduğu vurğulanıb.

Son illər Türkiyə istehsalı olan qabaqcıl texnologiyaların bütün dünyada geniş yayıldığı faktını təsdiq edən müəllif bildirir ki, yalnız “Bayraktar TB2” PUA-ları Polşa, Latviya, Albaniya və Afrika ölkələri də daxil olmaqla 25 dövlət tərəfindən idxal olunur.

Məqaləyə Bakıda təşkil edilən “TEKNOFEST Azərbaycan” festivalından fotolarla yanaşı, “Bayraktar TB2”-nin həm Qarabağda, həm də Ukraynada aparılan əməliyyatlar zamanı istifadə videoları da əlavə edilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.