REGİONLAR
Yaponiya səfiri Balakəndə Qadın İnkişaf Qrupunun üzvləri ilə görüşüb
Bakı, 26 sentyabr, AZƏRTAC
Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori Balakən və Zaqatala rayonlarına səfəri çərçivəsində Balakən rayonunun Qabaqçöl qəsəbəsində yenicə istifadəyə verilmiş şirniyyat evinə baş çəkib.
AZƏRTAC xəbər verir ki, şirniyyat evində qrup üzvləri ilə görüşən səfir Teruyuki Katori onların fəaliyyəti ilə maraqlanıb. Qrupun rəhbəri Meysarat Qaysayeva bildirib ki, Novruz Qadın İnkişaf Qrupu bu ilin martında 15 qadının iştirakı ilə yaradılıb. Eyni məhəllədən olan fəal icma qadınlarının özünədəstək qrupunun yaradılmasına istiqamətlənən bu addım onların iqtisadi baxımdan güclənməsinə yönəlib. Əsas məqsəd icma əhalisinin sosial problemlərinin həllinə töhfə verməkdir. Belə ki, qrup ərazidə uzun müddət yığılıb qalan tullantıların daşınması problemini həll edib, əhali arasında bu cür hallara yol verilməməsi ilə bağlı təbliğat işlərinə başlanılıb. Həmçinin aztəminatlı ailələrin uşaqlarına geyim və məktəbli ləvazimatı ilə kömək etmək məqsədi ilə icma daxilində paltar və ayaqqabılar toplanıb, ehtiyacı olan ailələrə verilib.
Gəlir əldə etməyə və iqtisadi baxımdan güclənməyə çalışan Novruz Qrupunun qadınları icmadaxili tələbata uyğun olaraq müxtəlif çeşiddə peraşki, tort, şirin kökələr kimi şirniyyatlar hazırlayaraq kənddə səyyar satışını təşkil edir. Bu məhsulların rayon mərkəzində də satışı planlaşdırılır.
Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) direktor müavini Gülbəniz Qənbərova bildirib ki, bu günə qədər Azərbaycanda 1536 icma AzKİL tərəfindən səfərbər olunub. O, Yaponiya səfirliyinin bölgələrdə infrastruktur layihələrinə qrantlar ayırmasını yüksək qiymətləndirib.
Gülbəniz Qənbərova onu da əlavə edib ki, AzKİL ilə Yaponiya səfirliyi arasında əməkdaşlıq əlaqələri hələ 2004-cü ildə qurulub və bu əməkdaşlıq çərçivəsində AzKİL-in Layihə Hazırlıq Qrupunun əməliyyatları üçün 3,3 milyon ABŞ dolları məbləğində qrant ayrılıb.
Qadın İnkişaf Qruplarının yaranma təşəbbüsü haqda danışan Gülbəniz Qənbərova diqqətə çatdırıb ki, qruplar 2018-ci ilin mart ayında sınaq olaraq Qadınların İqtisadi Səlahiyyətləndirilməsi komponenti çərçivəsində yaranıb. Bu qrupların yaranması AzKİL və Hindistanın Kudumbaşri layihəsinin uğurlu əməkdaşlığı nəticəsində reallaşıb. Masallı, Lənkəran, Ağdam, İsmayıllı və Balakən olmaqla, 5 rayonun ərazisində 88 nəfərin cəlb olunduğu 6 Qadın İnkişaf Qrupu fəaliyyətə başlayıb. Artıq onlardan 5-i öz kiçik müəssisəsini yaradıb. Məhz həmin icmalardan olan gənc kadrlar İcma Biznes Təbliğatçıları qismində AzKİL-in təşkil etdiyi təlimlərdə iştirak edərək sertifikatlara layiq görülüblər. Layihənin işçi heyəti ilə birlikdə onlar pilot rayonlarda 5 biznes inkubatoru yaratmaqla, Qadın İnkişaf Qrupları tərəfindən qurulmuş müəssisələrə yerlərdə biznesin inkişafı xidmətlərini göstərəcəklər.
Daha sonra qadın qrupunun hazırladığı çay və şirniyyat süfrəsi ətrafında söhbət davam etdirilib. Səfir Teruyuki Katori qadın qrupları haqda əldə etdiyi məlumatlardan və gördüklərindən dərin təəssüratlar əldə etdiyini, eləcə də qadın qruplarına gələcəkdə qrant şəklində texniki dəstək vermək məsələsinin nəzərdən keçiriləcəyini bildirib.