REGİONLAR


Yaponiya səfiri Naxçıvanın tarixi abidələri, sənaye, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub

Naxçıvan, 22 fevral, Tural Kəngərli, AZƏRTAC

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori fevralın 21-də Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, diplomat əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.

Naxçıvan Avtomobil Zavodunda olan qonağa məlumat verilib ki, zavod 2010-cu ildən fəaliyyətdədir. Burada Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb. İstehsal prosesi konveyer üsulu ilə təşkil edilib. Bu da zavodda istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir. Respublikada sifarişlərin artması nəzərə alınaraq, zavod model sırasını genişləndirir. Naxçıvan Avtomobil Zavodunda tələbata uyğun, eləcə də sifariş əsasında 15 modeldə avtomobil istehsal olunur. Hazırda zavodun Naxçıvan şəhərində, Şərur və Culfa rayonlarında ehtiyat hissələrinin satışı mağazaları fəaliyyət göstərir. Ötən il isə Şərur və Culfa rayonlarında texniki xidmət sahələri yaradılıb.

Diplomat sonra “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə tanış olub. Tanışlıq zamanı qonağa Əshabi-Kəhfin sirli tarixi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, ziyarətgahın adı ərəb dilindən tərcümədə “mağara sahibləri” mənasını verir. Müqəddəs Qurani-Kərimdə “Əl-Kəhf” surəsinin 9-27-ci ayələrində mağaraya sığınan 7 gəncin 300 ildən artıq yatmaqlarından, oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir. Müqəddəs kitabda mövcud olan hadisə müəyyən dəyişikliklərlə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapıb. Adıçəkilən mağaranın Kiçik Asiya və ya Fələstin ərazisində, hətta dünyanın digər ölkələrində olduğu güman edilib. Ancaq son dövrlərdə aparılan araşdırmalar da sübut edir ki, həmin müqəddəs məkan məhz Naxçıvandadır.

Naxçıvan Dövlət Xalça Muzeyində olan diplomata bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1998-ci ildə fəaliyyətə başlayan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin olunub. 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulub. Hazırda muzeydə 3 mindən çox eksponat var. Naxçıvan Dövlət Xalça Muzeyinin daimi ekspozisiyasında xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, mis və saxsı qablar nümayiş etdirilir.

Səfir “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi və Duzdağ Fizioterapiya Mərkəzi ilə də tanış olub.

Bununla da Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katorinin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.