CÜMHURİYYƏT - 100
Yaponiya televiziyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan xüsusi veriliş yayımlanıb VİDEO
Tokio, 15 may, AZƏRTAC
Yaponiyanın “World Investors TV” internet televiziyasında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100-cü və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş xüsusi veriliş yayımlanıb.
Verilişin aparıcısı, televiziyanın prodüseri Kazuyası İşidanın suallarını cavablandıran Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər və AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev ötən əsrin əvvəllərində mövcud olmuş AXC və müasir Azərbaycan tarixində xüsusi yeri olan ulu öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat veriblər.
AXC-nin tarixindəki əsas məqamlara toxunan verilişin qonaqları qeyd ediblər ki, Azərbaycan xalqı qədim dövlətçilik tarixinə, mədəniyyətinə və ənənəsinə malikdir. Xalqımız əsrlərboyu müxtəlif adlar altında dövlətlər quraraq onları idarə edib. Təbii sərvətləri və strateji coğrafi mövqeyinə görə bu dövlətlər hər zaman digər güclərin diqqət mərkəzində olub və müxtəlif təzyiqlərə məruz qalıb. Lakin Azərbaycan xalqının müstəqillik arzusu və mübarizəsi heç vaxt tükənməyib. XX əsrin əvvəllərində Rusiya imperiyası süquta uğradıqdan sonra müstəqil dövlət qurmaq fürsəti yaranan kimi azərbaycanlılar bundan dərhal yararlanıblar. 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcud olub. Bu Cümhuriyyət hələ o dövrdə söz azadlığı, demokratiya, gender bərabərliyi, multikulturalizm və ali universitet təhsili kimi məxsusi dəyərlərə malik olmaqla, Şərqdə ilk demokratik respublika idi. Qadınlara səsvermə hüququ verən ilk respublika da məhz bu dövlət olub. Dövrün nadir sistemi olan AXC cəmi 23 ay yaşayıb və bolşeviklərin işğalı ilə üzləşərək Sovet İttifaqının bir hissəsinə çevrilib. Nəhayət, 71 ildən sonra, Sovet İttifaqının dağılması ilə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa edib.
Qeyd edilib ki, AXC-nin böyük əraziləri sovet hakimiyyəti illərində Ermənistana verilib. Ümumiyyətlə, Ermənistan bütünlüklə qədim Azərbaycan torpaqlarında kənar güclərin geosiyasi oyunları nəticəsində qurulmuş bir dövlətdir.
Müasir müstəqil Azərbaycanın dinamik inkişafından, dünyaya sürətli inteqrasiyasından bəhs edən verilişin iştirakçıları bildiriblər ki, müstəqilliyin ilk günlərindən qonşu Ermənistanın təcavüzü ilə üzləşən Azərbaycan bu münaqişəyə baxmayaraq, dünyaya multikulturalizm, tolerantlıq ixrac edir, regional rifah naminə hərb üsuluna əl atmadan Ermənistanın təcavüzünü sülh və danışıqlar yolu ilə həll etməyə çalışır.
Bildirilib ki, bu il həm də müasir Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi qeyd edilir. Ölkəmizin müstəqillik illərində qazandığı nailiyyətlərin bünövrəsi məhz Heydər Əliyev tərəfindən qoyulub. Verilişdə görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və Azərbaycanın mövcudluğu və inkişafı naminə göstərdiyi tarixi xidmətlər barədə ətraflı danışılıb. Yaponiya ilə qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq münasibətlərinin əsasının da məhz Ulu Öndər tərəfindən qoyulduğu vurğulanıb.
Verilişdə Azərbaycan ilə Yaponiya arasında əlaqələrin inkişafı məqsədilə son illər atılan addımlar, Bakıda keçirilən “Japan Expo” sərgisi barədə də ətraflı məlumat verilib.