SİYASƏT
Yaponiya televiziyasında Dünya Azərbaycanlılarının IV Qurultayı və Formula-1 yarışlarına həsr olunan xüsusi veriliş yayımlanıb VİDEO
Tokio, 22 iyun, AZƏRTAC
Yaponiyanın “World Investors TV” internet televiziyasında iyun ayında Bakıda təşkil olunan iki böyük beynəlxalq tədbir - Dünya Azərbaycanlılarının IV Qurultayı və Formula-1 Avropa Qran-pri yarışı barədə xüsusi veriliş yayımlanıb.
Birbaşa yayımlanan verilişdə qurultay nümayəndəsi, “Azərbaycan-Yaponiya Dostluq Mərkəzi”nin sədri, elektronika sahəsində tanınmış alim Xəlil Kələntər və Mərkəzin icraçı direktoru, AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev aparıcı Kazuyasu İşidanın və tamaşaçıların suallarını cavablandırıblar.
Bildirilib ki, iyunun 3-4-də Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayı hazırda planetimizin müxtəlif guşələrində yaşayan və sayı 55 milyona çatan azərbaycanlıların vahid məqsəd ətrafında birləşməsində mühüm əhəmiyyətə malikdir. Qurultay dünya azərbaycanlılarının bir-birinə daha da yaxınlaşmasında, Vətən naminə daha çox birgə iş görməsində xüsusi rol oynayacaqdır.
Dünya Azərbaycanlıları Qurultayının keçirilməsinin gözəl ənənə halı aldığını bildirən verilişin iştirakçıları bu tədbirin ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə reallaşdığını xatırladıblar. Bildirilib ki, məhz həmin vaxtdan etibarən planetin hər tərəfində yaşayan soydaşlarımızın azərbaycançılıq məfkurəsi ətrafında birləşməsi prosesi geniş vüsət alıb. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində təsirli addımlar atılıb. Bunun nəticəsidir ki, IV qurultaya 49 ölkədən 500-dən çox nümayəndə qatılıb. Mövcud ənənənin bu gün də yaşadılması və diasporumuzun inkişafı yolunda atılan addımlar bu işdə mühüm irəliləyişə nail olmağa imkan verib. Vurğulanıb ki, dünya azərbaycanlıları kimlərəsə qarşı deyil, müstəqil Azərbaycan dövlətini, tariximizi, mədəniyyətimizi daha yaxından tanıtmaq məqsədi ilə təşkilatlanırlar.
Prezident İlham Əliyevin qurultaydakı tarixi nitqinin əhəmiyyətindən danışan qonaqlar bildiriblər ki, proqram xarakterli bu nitq dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları ilə yanaşı, Yaponiyada yaşayan azərbaycanlılar üçün də yeni vəzifələr müəyyənləşdirib və biz bu vəzifələri yerinə yetirmək üçün səylə çalışacağıq.
Verilişdə iyunun 17-dən 19-dək Bakıda ilk dəfə təşkil olunan Formula-1 üzrə dünya çempionatının səkkizinci - Avropa Qran-pri yarışı barədə də geniş məlumat verilib. Bildirilib ki, Bakıda yüksək səviyyədə təşkil olunan bu yarışı dünyanın 187 ölkəsində 500 milyondan çox insan birbaşa izləyib. Bu yarış son illər sürətli inkişafı ilə fərqlənən Azərbaycanın dünyada daha da məşhurlaşmasına güclü təkan verib.
Nadir xüsusiyyətlərə malik Bakı şəhər halqası elə qurulub ki, yarış zamanı milyonlarla televiziya tamaşaçısı UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil olan İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görüblər.
Verilişdə həm Dünya Azərbaycanlılarının IV Qurultayı, həm də Formula-1 Avropa Qran-pri yarışı ilə bağlı AZƏRTAC-ın hazırladığı videomateriallar və fotolar nümayiş etdirilib.