SİYASƏT


Yaponiya universitetində erməni faşizmi pislənilib

Bakı, 6 noyabr, AZƏRTAC

Yaponiyanın ən nüfuzlu beş ali təhsil müəssisəsindən biri olan Hokkaydo Universitetində “Azərbaycanda multikulturalizm modeli” ilə bağlı müntəzəm keçirilən növbəti dərsin mövzusu Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycanın Bərdə, Gəncə, Tərtər rayonlarında ermənilərin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərə həsr olunub.

Beynəlxalq Multikulturalizm Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Yaponiyanın dövlət təqaüdçüsü Əlibəy Məmmədov tərəfindən aparılan dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Hokkaydo Avrasiya Araşdırmalar Mərkəzinin razılığı əsasında keçirilir.

Ə.Məmmədov yaponiyalı tələbələrə Azərbaycan xalqının qanuni və tarixi ərazilərinin erməni işğalçılarından azad edilməsi uğrunda Vətən müharibəsinə başlaması haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, 30 ilə yaxın bir dövrdə Azərbaycan xalqı sülh tərəfdarı olsa da, Ermənistan rəhbərliyi həmişə sülh danışıqlarını pozmuş və dəfələrlə Azərbaycanın qanuni sərhədlərində təxribat törədib. Azərbaycan torpaqlarından işğalçı ordunun çıxarılması ilə bağlı BMT-nin 4 qətnaməsi bu günədək yerinə yetirilməyib. Sentyabrın 27-də ərazilərimiz yenidən atəşə tutulmasına cavab olaraq Azərbaycan Ordusu işğalçılara qarşı əks-hücuma keçib və düşmənə ağır zərbə vuraraq, işğal altındakı torpaqlarımızın böyük hissəsini azad edib. Cəbhədə məğlub olan düşmən ağır silahlardan istifadə edərək Azərbaycanın döyüş bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər rayonlarında dinc əhaliyə qarşı qadağan olunmuş raketlərdən istifadə edib. Nəticədə Gəncədə 26, Bərdədə 27, Tərtərdə 17 dinc sakin qətlə yetirilib.

Dərs zamanı tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, erməni faşizmi pislənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.