DÜNYA
Yaponiya və ABŞ Çinin dənizdəki fəallaşmasına qarşı digər ölkələrlə əməkdaşlıq edəcəklər
Tokio, 20 oktyabr, AZƏRTAC
Yaponiyanın müdafiə naziri Takeşi İvaya və onun amerikalı həmkarı Ceyms Mettis Çinin Şərqi-Çin dənizində artan fəallaşması məsələsinin həlli üçün digər ölkələrlə birlikdə əməkdaşlıq etmək barədə razılığa gəliblər.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, T.İvaya və C.Mettis Sinqapurda keçirilən ACEAN ölkələri müdafiə nazirlərinin görüşü çərçivəsində bir araya gəliblər.
T.İvaya bəyan edib ki, Yaponiya özünümüdafiə dəniz qüvvələrinin gəmiləri və sualtı qayıqları Cənub-Çin dənizində Yaponiyanın Hind-Sakit okean regionunun azad və açıq strategiyası çərçivəsində təlimlər keçiriblər.
C.Mettis Yaponiyanın bu hərəkətini müsbət qiymətləndirib və onlar regionun digər ölkələri ilə Şərqi və Cənubi-Çin dənizlərində qanunun aliliyinin və naviqasiyanın azadlığının təmin edilməsi üçün əməkdaşlığın vacibliyini təsdiq ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio