DÜNYA
Yaponiya və ABŞ-ın işgüzar dairələrinin liderləri avtomobillərə yüksək rüsumların tətbiqinin əleyhinədirlər

Tokio, 1 noyabr, AZƏRTAC
Yaponiya və ABŞ-ın işgüzar dairələrinin liderləri avtomobillərə yüksək rüsumların tətbiqinin əleyhinədirlər və bununla bağlı D.Tramp administrasiyası tərəfindən gözlənilən təhlükəyə qarşı dayanmağa çalışacaqlar.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, işgüzar dairələrin liderləri noyabrın 1-də Yaponiya-ABŞ biznes görüşündən sonra belə bir bəyanatla çıxış ediblər. Sənəddə qeyd edilir ki, ABŞ-ın xarici avtomobillərə tətbiq etdiyi daha yüksək rüsumlar heç bir tərəf üçün faydalı olmayacaq. Bildirilir ki, yapon və digər xarici avtomobillərə tətbiq edilən yüksək vergilər istehlakçılara və biznesə mənfi təsir göstərərək, həmin ölkələrin iqtisadiyyatına dağıdıcı təsir edə bilər.
“Cisco Systems” şirkətinin direktorlar şurasının üzvü və baş direktoru Çak Robbins deyib: “Bu bir həqiqətdir ki, avtomobil istehsalı həm Yaponiya, həm də ABŞ üçün çox mühüm sahədir. Biz əminik ki, qlobal səviyyədə azad, açıq və ədalətli ticarət aparılmalıdır”.
Bəyanatda, həmçinin qeyd edilir ki, D.Tramp administrasiyasının məqsədi əsas diqqəti ticarət kəsirinə yönəltməkdir. Vurğulanır ki, iqtisadi əməkdaşlıq barədə yalnız bir göstərici əsasında mühakimə aparmaq olmaz.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio