DÜNYA


Yaponiya və ABŞ kosmik və kibertəhlükəsizlik sahəsində əlaqələri genişləndirəcək

Tokio, 20 aprel, AZƏRTAC 

Yaponiya və ABŞ kosmik məkanda və kibertəhlükəsizlik sahəsində əlaqələri genişləndirmək barədə razılığa gəliblər.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu barədə Yaponiya xarici işlər naziri Taro Kononun və müdafiə naziri Takeşi İvayanın Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo və müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahan ilə görüşündən sonra təşkil edilən mətbuat konfransında bildirilib.

Qeyd edək ki, tərəflər arasında “2+2” formatında görüş Çinin və Rusiyanın hərbi fəallığı genişləndirdiyi bir dövrə təsadüf edir.

Görüş zamanı ilk dəfə bildirilib ki, tərəflər Yaponiyaya qarşı ciddi kiberhücumları silahlı hücuma bərabər götürərək, Yaponiya və ABŞ arasında təhlükəsizlik barədə müqavilənin 5-ci bəndinə müvafiq şəkildə ona birgə cavab verəcəklər. Həmin maddəyə əsasən ABŞ-ın Yaponiyanı müdafiə etmək öhdəliyi var.

Nazirlər, həmçinin Yaponiyaya məxsus süni peyklərdə ABŞ ötürücülərinin yerləşdirilməsi yolu ilə kosmik məkanın monitorinqi barədə də razılığa gəliblər.

Görüşdə Çinin Şərqi və Cənub Çin dənizlərində artan fəallığı ilə bağlı narahatlıq da ifadə edilib.

Eyni zamanda, nüvə silahının tam ləğvi həyata keçirilməyənədək Şimali Koreyaya qarşı sanksiyaların davam etdirilməsi də görüşdə razılaşdırılıb.

Bundan əlavə, ABŞ-ın Futenma hərbi bazasının Okinava prefekturası daxilində yerinin dəyişdirilməsi barədə plan da görüş zamanı müzakirə edilib. Bildirilib ki, bazanın Naqo şəhərindəki Henoko rayonuna köçürülməsi yeganə düzgün qərardır. Əldə edilən razılaşmaya əsasən, Futenma bazasının yerləşdiyi ərazinin tezliklə Yaponiyaya qaytarılması üçün əməkdaşlıq davam etdiriləcək.

Yaponiyalı nazirlər qarşı tərəfə müraciət edərək, ABŞ-ın Yaponiyadakı hərbçilərinin iştirakı ilə baş verən cinayətlərin və bədbəxt hadisələrin qarşısının alınması üçün tədbirlər görülməsini də xahiş ediblər.

Görüş zamanı bu günlərdə Yaponiyanın şimalında hərbi-hava qüvvələrinə məxsus F-35A qırıcısının qəzaya uğraması da müzakirə edilib. Axtarış əməliyyatlarının və hadisənin səbəblərinin araşdırılması üçün əlbir fəaliyyətin davam etdirilməsi razılaşdırılıb.

Görüşdən sonra təşkil olunan mətbuat konfransında M.Pompeo bildirib ki, o, Pxenyan ilə danışıqları davam etdirmək niyyətindədir. Şimali Koreyanın yüksək vəzifəli məmuru bu günlərdə M.Pompeonun danışıqlara məsul şəxs kimi dəyişdirilməsini tələb edib.

Şimali Koreya tərəfindən oğurlanan Yaponiya vətəndaşları mövzusuna toxunan M.Pompeo qeyd edib ki, D.Tramp bu məsələni Şimali Koreyanın lideri Kim Çen In ilə keçirdiyi hər iki görüşdə qaldırıb.

M.Pompeo qeyd edib ki, onun qənaətinə görə, Kim Çen In sammit ərəfəsində bu problem barədə məlumatlı olub. ABŞ tərəfi həmin məsələni Şimali Koreya ilə gələcək sammitlər zamanı da müzakirə etmək niyyətindədir.

Yaponiyanın müdafiə naziri T.İvaya deyib ki, Yaponiya və ABŞ sıx əməkdaşlıq yolu ilə istənilən təhlükənin qarşısını ala bilər. Yapon nazir əlavə edib ki, ölkəsi aprelin 19-da keçirilən müzakirələr əsasında ABŞ ilə ittifaqı möhkəmləndirməkdə israrlıdır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.