DÜNYA
Yaponiya və ABŞ liderləri telefon danışığı zamanı KXDR məsələsini müzakirə ediblər
Tokio, 15 avqust, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Koreya Xalq Demokratik Respublikası (KXDR) ətrafında vəziyyəti müzakirə ediblər.
NHK telekanalının məlumatına görə, Baş nazir deyib: “Biz Şimali Koreya ətrafında vəziyyətlə əlaqədar açıq söhbət apardıq. Quam istiqamətində raketin buraxılacağı barədə xəbərdarlıq vəziyyəti həddindən artıq gərginləşdirib. Belə vəziyyətdə mən Prezident Donald Trampın müttəfiqlik öhdəliklərinə sadiqliyini yüksək qiymətləndirirəm. Biz belə bir rəyə gəldik ki, Şimali Koreya tərəfindən raket buraxılışının qarşısını Yaponiya, ABŞ və Koreya Respublikası ilə birlikdə üçtərəfli formatda, həmçinin ilk növbədə Çin və Rusiya daxil olmaqla beynəlxalq ictimaiyyətin köməyi ilə almalıyıq”.
Xatırladaq ki, Koreya yarımadasında vəziyyət Şimali Koreya və ABŞ liderlərinin kəskin bəyanatlarından sonra xeyli gərginləşib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio