DÜNYA
Yaponiya və Cənubi Koreya hərbi dəniz qüvvələri arasında baş vermiş insidenti müzakirə edirlər
Tokio, 14 yanvar, AZƏRTAC
Yanvarın 14-də Sinqapurda Yaponiya və Cənubi Koreyanın müdafiə idarələrinin nümayəndələri dekabrın 20-də Yapon dənizində iki ölkənin hərbi dəniz qüvvələri arasında baş vermiş insidenti müzakirə etmək üçün bir araya gəliblər.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, görüşdə Tokio Cənubi Koreya gəmisinin həmin hadisə zamanı ərazidə uçan Yaponiya hərbi dəniz qüvvələrinin patrul təyyarəsinin silahların idarə olunması sistemini öz radarı vasitəsilə tutmasını təsdiq edən elektron müşahidə məlumatlarını Seula təqdim etmək niyyətindədir.
Seul bu ittihamı qətiyyətlə rədd edir və bununla əlaqədar tərəflər artıq bir neçə dəfə bir-birlərinə etirazlarını bildiriblər. Eyni zamanda, Yaponiya və Cənubi Koreya baş verən hadisə ilə bağlı onların mövqeyini təsdiq edən videoyazıları da ictimailəşdirib. Seulun yaydığı video 5 dildə izahla təqdim edilib.
Cənubi Koreyanın bildirdiyinə görə, dekabrın 20-də hərbi-dəniz qüvvələrinin gəmisi Yapon dənizində qəzaya uğramış Şimali Koreya balıqçı qayığının axtarışları ilə məşğul imiş. Həmin vaxt ərazidə aşağı hündürlükdə uçan yapon təyyarəsinə isə radar qurğular yox, optik nəzarət avadanlığı yönəldilib.
Tokio isə təkidlə bildirir ki, Cənubi Koreya gəmisi bir neçə dəfə öz döyüş radarı vasitəsilə yapon təyyarəsini hədəfə alıb və bu, çox ağır nəticələrə gətirib çıxara bilər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio