DÜNYA
Yaponiya və Cənubi Koreya rəsmiləri ixrac məhdudiyyətlərini müzakirə ediblər
Tokio, 13 iyul, AZƏRTAC
Yaponiyanın Cənubi Koreyaya tətbiq etdiyi ixrac məhdudiyyətləri ilə bağlı yaranan gərginlik fonunda hər iki ölkənin rəsmiləri ilk dəfə müzakirələr aparıblar.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, iyulun 4-də tətbiq edilən məhdudiyyətlərdən sonra təşkil olunan ilk görüş iyulun 12-də Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyində baş tutub.
İşçi səviyyədə keçirilən danışıqlar təqribən 5 saata yaxın davam edib ki, bu da əvvəlcədən planlaşdırıldığından çoxdur.
Nazirliyin nümayəndələrinin bildirdiyinə görə, onlar qarşı tərəfə məhdudiyyətlərin Cənubi Koreyada hərbi məqsədlər üçün istifadə edilə biləcək həmin materiallara nəzarətin kifayət qədər olmaması səbəbindən tətbiq olunduğunu çatdırıblar. Xatırladaq ki, Yaponiya yarımkeçiricilərin istehsalı üçün nəzərdə tutulan üç materialın ixracına məhdudiyyətlər qoyub.
Bununla yanaşı, Yaponiya tərəfi bir daha bildirib ki, həmin tədbirlər Cənubi Koreya məhkəməsinin müharibə dövründə məcburi əməklə əlaqədar qəbul etdiyi qərarlar da daxil olmaqla, bu ölkənin hər hansı hərəkətlərinə qarşı yönəlməyib.
Bu nümayəndələr, həmçinin Yaponiyanın hərəkətlərinin Dünya Ticarət Təşkilatının qaydalarını pozmadığını da bildiriblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio