DÜNYA


Yaponiya və Hindistan koronavirusa qarşı əməkdaşlığı genişləndirəcək

Tokio, 27 aprel, AZƏRTAC

Yaponiya və Hindistan koronavirus pandemiyasına qarşı mübarizədə əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

AZƏRTAC Yaponiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu barədə razılaşma iki ölkə liderlərinin telefon danışığı zamanı əldə edilib.

Xatırladaq ki, Yaponiyanın Baş naziri Yoşihide Suqa aprelin sonlarında Hindistana səfərə getməyə hazırlaşırdı. Lakin hər iki ölkədə koronavirusla əlaqədar vəziyyət gərginləşdiyinə görə bu səfər təxirə salınıb.

Telefon danışığı zamanı Yoşihide Suqa hindistanlı həmkarı Narendra Modiyə yoluxma ilə əlaqədar vəziyyətin tezliklə qaydaya düşəcəyinə ümidvar olduğunu bildirib.

İki liderin müzakirə etdiyi məsələlər arasında azad və açıq Hind-Sakit okean regionunun formalaşması, bununla əlaqədar həm ikitərəfli, həm də ABŞ və Avstraliyanın iştirakı ilə dördtərəfli əməkdaşlığın genişləndirilməsinin zəruriliyi qeyd edilib. Bunun üçün qanunun aliliyinin təmin edildiyi beynəlxalq qaydaların yaradılması məqsədilə birgə fəaliyyətin vacibliyi vurğulanıb.

Liderlərin bu ölkələr arasında kibertəhlükəsizliyin təmin edilməsi, rəqəmsallaşdırma və karbon tullantılarının azaldılması istiqamətində əlaqələrin inkişafı barədə razılıq əldə etdikləri də qeyd olunub.

Eyni zamanda, telefon danışığı zamanı Yaponiya liderinin hər iki tərəf üçün münasib vaxtda Hindistana səfərinin təşkili barədə razılığa gəldikləri də bildirilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.