DÜNYA
Yaponiya və İndoneziya təhlükəsizlik sahəsində əlaqələri möhkəmləndirəcək

Tokio, 31 mart, AZƏRTAC
Yaponiya və İndoneziyanın xarici işlər və müdafiə nazirləri Tokioda “2+2” formatında keçirilən görüş zamanı müdafiə xarakterli avadanlığın və texnologiyaların mübadiləsi barədə razılaşma imzalayıblar.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu addım iki ölkə arasında təhlükəsizlik sahəsində əlaqələrin möhkəmləndirilməsi məqsədilə atılıb.
Razılaşmanı şərh edən Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi deyib: “Yaponiya və İndoneziya regional və beynəlxalq problemlərin həlli məqsədilə birgə əməkdaşlığa sadiq olduqlarını təsdiq etdilər”.
İndoneziyanın xarici işlər naziri Retno Marsudi isə bildirib ki, “2+2” formatında keçirilən görüş iki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyətini təsdiqləməklə yanaşı, həm də regionda sülhün və sabitliyin qorunmasına, inkişafa xidmət edəcək.
Görüşdə nazirlər azad və açıq Hind-Sakit okean regionunun yaradılması məqsədilə əməkdaşlığın genişləndirilməsi və çoxtərəfli təlimlərin artırılması barədə də razılığa gəliblər. Yaponiya, həmçinin İndoneziyanın Sahil Mühafizəsi Xidmətinə əlavə yardım göstərəcəyini də bildirib.
Qeyd edək ki, “2+2” formatında keçirilən görüş zamanı digər beynəlxalq məsələlər, o cümlədən Şimali Koreyanın raket sınaqları barədə də fikir mübadiləsi aparılıb, bu ölkənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə tam əməl etməsinin zəruriliyi vurğulanıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio