DÜNYA
Yaponiya və Rusiya iqtisadi əməkdaşlıq barədə razılaşmanın hazırlanması prosesini sürətləndirəcək
Tokio, 16 noyabr, AZƏRTAC
Yaponiya və Rusiya gələn ay iki ölkənin liderləri tərəfindən imzalanması nəzərdə tutulan iqtisadi əməkdaşlıq barədə müqavilənin hazırlanmasını sürətləndirmək barədə razılıq əldə ediblər.
Həmin razılıq noyabrın 16-da Yaponiyanın xarici işlər naziri Fumio Kişida və Rusiya Federasiyası hökuməti sədrinin birinci müavini İqor Şuvalovun iştirakı ilə keçirilən hökumətlərarası komitənin iclasında əldə olunub.
Xəbər verdiyimiz kimi, dekabrda Rusiya Prezidenti Vladimir Putinin Yaponiyaya rəsmi səfəri və Baş nazir Şinzo Abe ilə görüşü nəzərdə tutulur.
F.Kişida əmin olduğunu bildirib ki, komitənin Rusiya Prezidentinin səfəri ərəfəsində keçirilən bu iclası iki ölkə arasında əməkdaşlığın inkişafına müsbət təsir göstərəcək. O, iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə yeni uğurların əldə olunacağına ümid etdiyini vurğulayıb.
İclas iştirakçıları, eyni zamanda, şəhər təsərrüfatının və enerji sektorunun inkişafında ictimai və özəl sektorun əməkdaşlığı, kadr mübadiləsinin təşkili məsələləri barədə razılığa gəliblər.
İclasda Rusiya Prezidentinin səfəri zamanı imzalanması nəzərdə tutulan 10-dək sənədin hazırlanması prosesinin sürətləndirilməsi barədə də razılıq əldə edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio