DÜNYA


Yaponiya və Rusiya liderləri sülh müqaviləsi üzrə danışıqların strukturunu razılaşıblar

Tokio, 2 dekabr, AZƏRTAC 

Yaponiya və Rusiya liderləri sülh müqaviləsinin imzalanması üçün danışıqların sürətləndirilməsi barədə razılaşmaya sadiq qaldıqlarını bildiriblər. İki lider arasında əldə edilən razılaşmaya əsasən, onların gələn ilin əvvəllərində keçiriləcək ikitərəfli sammitinə qədər bu ölkələrin xarici işlər nazirlərinin görüşü təşkil ediləcək.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu barədə razılaşma Yaponiyanın Baş naziri Şinzo Abe ilə Rusiya Prezidenti Vladimir Putinin Argentinada keçirilən G20 sammiti çərçivəsində görüşündə əldə edilib.

Razılaşmaya görə, Yaponiyanın xarici işlər naziri Taro Kono rusiyalı həmkarı Serqey Lavrov ilə Baş nazir Şinzo Abenin Rusiyaya səfəri ərəfəsində görüşəcək.

Ş.Abe və V.Putin, həmçinin xarici işlər nazirlərinə tabe olan və əsas danışıqları aparacaq şəxsləri də təyin ediblər. Yaponiya xarici işlər nazirinin müavini Takeo Mori və Rusiya xarici işlər nazirinin müavini İqor Merkulov həmin danışıqlarda iki ölkə liderlərinin əsas nümayəndələri olacaqlar.

Xatırladaq ki, bu, Ş.Abe ilə V.Putinin cari ilin noyabrında Sinqapurda keçirilən sammitindən sonra sayca 24-cü görüşləri olub. Həmin sammit zamanı iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqların 1956-cı il birgə bəyannaməsi əsasında sürətləndirilməsi barədə razılıq əldə edilib.

Həmin sənəddə bildirilir ki, iki dövlət arasında sülh müqaviləsi imzalanandan sonra Moskva onun nəzarətində olan 4 adadan 2-ni Yaponiyaya qaytaracaq.

Yaponiya hökuməti, həmçinin bu adaların ölkənin ayrılmaz tərkib hissəsi olduğunu və onların qeyri-qanuni işğal edildiyini bildirir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.