DÜNYA


Yaponiya xarici işlər nazirinin Rusiyaya səfəri başlayıb

Tokio, 13 yanvar, AZƏRTAC

Yaponiyanın xarici işlər naziri Taro Kononun Rusiyaya beşgünlük səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, səfərin əsas məqsədi Yaponiya ilə Rusiya arasında sülh müqaviləsinin imzalanması üzrə danışıqların aparılmasıdır.

Yanvarın 14-də rusiyalı həmkarı Sergey Lavrovla görüşən T.Kononun, həmçinin Yaponiyanın Baş naziri Şinzo Abenin yaxın günlərdə gözlənilən səfərləri ilə bağlı hazırlıq işlərini aparacağı da bildirilir.

Xatırladaq ki, ötən ilin noyabrında Rusiya Prezidenti Vladimir Putin və Yaponiyanın Baş naziri Şinzo Abe iki ölkə arasında sülh müqaviləsinin imzalanması üzrə danışıqların 1956-cı ilin oktyabrında imzalanmış birgə bəyannamə əsasında sürətləndirilməsi barədə razılığa gəliblər.

Məlum olduğu kimi, Yaponiya hökuməti sülh müqaviləsinin imzalanması üçün Kuril silsiləsinə daxil olan dörd adanın qaytarılmasını tələb edir. Yaponiya hökumətinin mövqeyinə görə, həmin adalar II Dünya müharibəsi zamanı işğal edilib. Lakin 1956-cı il bəyannaməsi həmin adalardan ikisinin Yaponiyaya verilməsini nəzərdə tutur. Rusiya tərəfi həmin adalarda ABŞ bazasının yaradılmayacağı şərti ilə onların qaytarılmasının mümkün olduğunu bildirib. Lakin hadisələrin sonrakı gedişi zamanı Yaponiya mətbuatında adaların Yaponiyaya verilməsi üçün burada yaşayan rusların razılığının əldə edilməsi və həmin adaların sabiq yapon sakinlərinə Moskvanın kompensasiya ödəməsi ilə bağlı fikirlər yer alıb.

Bununla əlaqədar yanvarın 9-da Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilən Yaponiyanın Moskvadakı səfiri Toyohişa Kozukiyə bildirilib ki, bu cür fikirlər iki ölkə liderləri arasında razılaşmanın mahiyyətini kobud şəkildə təhrif edir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.