DÜNYA
Yaponiya xüsusi yerləşdirmə sisteminə malik raketin buraxılışını uğurla həyata keçirib
Tokio, 1 iyun, AZƏRTAC
İyunun 1-də Yaponiya xüsusi yerləşdirmə sisteminə malik süni peyklə təchiz edilmiş raketin buraxılışını uğurla həyata keçirib. Yaponiyanın cənub-qərbində yerləşən Taneqaşima kosmik mərkəzindən kosmosa buraxılan H-2A raketinin daşıdığı süni peyk yapon qlobal yerləşdirmə sisteminin tərkib hissəsinə çevriləcək.
Raketin kosmik orbitə çıxardığı “Michibiki №2” yerləşdirmə sisteminə daxil olan dördüncü süni peyk olacaq.
ABŞ-ın rəhbərliyi altında fəaliyyət göstərən GPS qlobal yerləşdirmə sistemi təqribən 10 metr xətaya yol verir. “Michibiki” süni peyki GPS ilə birləşdikdən sonra həmin xətanın bir neçə santimetrə enəcəyi bildirilir.
Yapon şirkətləri həmin sistemdən özü idarə edilən tikinti texnikası ilə iş, yüklərin dronlar vasitəsilə çatdırılması və digər məqsədlər üçün istifadə etməyi planlaşdırır.
“Michibiki” sisteminin gələn ilin yazından fəaliyyətə başlayacağı bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio