İQTİSADİYYAT
Yaponiyada Azərbaycan iqtisadiyyatına maraq böyükdür
Bakı, 3 noyabr, AZƏRTAC
Azərbaycan iqtisadiyyatına Yaponiyada maraq böyükdür.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, bu barədə Yaponiya Xarici Ticarət İnkişafı Təşkilatının (JETRO) İstanbul nümayəndəliyinin baş icraçı direktoru Yasuyuki Murahaşi Bakıda keçirilən Azərbaycan-Yaponiya işgüzar görüşündə deyib.
AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə sənayenin müxtəlif sahələri, neft-qaz, inşaat, mühəndislik xidmətləri, məişət avadanlıqları, maşınqayırma, turizm, ticarət və digər sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak edib.
AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev tədbir iştirakçılarına Azərbaycan iqtisadiyyatı barədə geniş məlumat verib. Bildirilib ki, uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitlik təmin edilib, əlverişli biznes və investisiya mühiti yaradılıb. Yaponiya ilə əməkdaşlığın əhəmiyyətindən danışan Yusif Abdullayev iş adamlarını daha aktiv fəaliyyətə dəvət edib.
Yaponiya Xarici Ticarət İnkişafı Təşkilatının (JETRO) İstanbul nümayəndəliyinin baş icraçı direktoru Yasuyuki Murahaşi Azərbaycan iqtisadiyyatına ölkəsində marağın böyük olduğunu, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlıq imkanlarının mövcudluğunu diqqətə çatdırıb.
Sonra AZPROMO-nun əməkdaşı Azərbaycanın biznes və investisiya mühitinə dair təqdimatla çıxış edib.
Tədbir iqtisadi əlaqələrin və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi ikitərəfli görüşlərlə davam edib.