CƏMİYYƏT


Yaponiyada Azərbaycan multikulturalizmi dərsləri davam etdirilir

Bakı, 9 oktyabr, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hazırda sözügedən layihə çərçivəsində respublikamızın 39, dünyanın 20 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni uğurla tədris edilir.

Multikulturalizm Mərkəzinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Yaponiyanın sayılıb-seçilən və ən nüfuzlu 5 universitetindən biri olan Hokkaydo Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı müntəzəm dərslərə hələ 2017-ci ildən start verilib. Bu günlərdə Hokkaydo Universitetində dərslərin davam edilməsinə başlanılıb. Dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Hokkaydo Universiteti Slavyan Avrasiya Araşdırmalar Mərkəzinin razılığı əsasında həyata keçirilir. Fənni Hokkaydo Universitetində konfliktologiya elmləri üzrə PHD təhsili alan yaponşünas alim, Yaponiya hökumətinin dövlət təqaüdçüsü Əlibəy Məmmədov tədris edir. Dərslər yapon dilində keçirilir.

Azərbaycan multikulturalizm dərsləri üçün qeydiyyatdan keçən yaponiyalı tələbələr arasında gələcəkdə Azərbaycanda təhsil almaq, bu ölkədə iş qurmaq və eyni zamanda, Yaponiya universitetlərində Azərbaycanla bağlı dərs demək istəyən və bu məqsədlə Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı və multikultural durumu ilə bağlı biliklərə yiyələnmək istəyənlər çoxluq təşkil edir. Seçilən tələbələr Azərbaycanda qış və yay məktəblərində iştirak üçün şans qazanmış olacaqlar. Bu da öz növbəsində tələbələrə stimul verən amillərdən biridir.

Xatırladaq ki, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və təşəbbüsü ilə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra sözügedən layihəyə start verilib. Sevindirici haldır ki, artıq fənnin tədrisində müəyyən müsbət təcrübə əldə olunub, BBMM tərəfindən hazırlanaraq nəşr edilən “Azərbaycan multikulturalizmi” dərsliyinin istifadəsi də tədrisin keyfiyyətinin daha da yüksəlməsinə imkan yaradır.

Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün öz real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində xaricdə “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi daha geniş coğrafiyanı əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.