DÜNYA


Yaponiyada İmperator Naruhitonun doğum günü qeyd edilir

Tokio, 23 fevral, AZƏRTAC

Yaponiyada İmperatorun doğum günü rəsmi dövlət bayramı kimi keçirilir.

AZƏRTAC xəbər verir ki, cari ildə ilk dəfə olaraq həmin bayram fevralın 23-də yeni İmperator Naruhitonun doğum günündə qeyd ediləcək.

Məlumat üçün qeyd edək ki, İmperator Naruhito öz monarx səlahiyyətlərini 2019-cu il mayın 1-də, atası İmperator Akihito könüllü şəkildə taxtı tərk etdikdən sonra əldə edib. Bundan sonra Fəxri İmpertaor titulu alan Akihito isə yaşının çoxluğu ilə əlaqədar dincəlməyə yollanıb. Fəxri İmperator Akihito son iki yüz ildə İmperator Kokakudan sonra taxtı könüllü tərk edən ilk yapon monarxdır.

Adətən Yaponiya İmperatorunun doğum günündə sarayın qapıları monarxı təbrik etmək məqəsədilə gələnlərin sərbəst girişi üçün açıq olur. İmperator və ailə üzvləri gün ərzində üç dəfə xüsusi eyvana çıxaraq, buraya toplaşanları salamlayırlar. Lakin cari ildə yeni koronavirusun yayılması təhlükəsi ilə əlaqədar həmin mərasimin təşkili ləğv edilib. Bu barədə İmperator Saray dəftərxanası xüsusi məlumat yayıb.

Rəsmi mənbələrə əsasən, İmperator Naruhitonun doğum günü cari ildə yalnız əcnəbi diplomatların da qatılacağı xüsusi mərasimlə yekunlaşacaq.

Anadan olmasının 60 illiyi ərəfəsində kütləvi-informasiya vasitələrinin nümayəndələri ilə görüşən İmperator Naruhito öz fikirlərini bölüşüb. Bu, İmperatorun taxta çıxdıqdan sonra keçirdiyi ilk mətbuat konfransı olub.

Atası Fəxri İmperator Akihitonun keçdiyi yol barədə çox fikirləşdiyini qeyd edən İmperator Naruhito əvvəlki imperatorların fəaliyyətini təhlil edərək özünü təkmilləşdirməyə çalışacağını da bildirib.

Həmişə insanlar barədə düşündüyünü vurğulayan monarx onları həmişə dəstəklədiyini, öz vəzifələrini həyata keçirmək üçün qətiyyətlə çalışacağını deyib.

İmperator əlavə edib ki, Yaponiya onun atasının taxta çıxdığı 1989-cu ildən sonra xeyli dəyişib. Müasir texnologiyalar, smartfonlar, iqlim dəyişmələri ilə bağlı tez-tez baş verən təbii fəlakətləri bununla bağlı faktlar kimi göstərmək olar.

Monarx deyib ki, o, sürətlə dəyişən cəmiyyətə xidmət üçün öz vəzifələrinə daha məsuliyyətlə yanaşmağa və buna uyğun hərəkət etməyə çalışacaq. Bunun üçün o çoxsaylı insanlarla görüşməyi və onları şəxsən diqqətlə dinləməyi vacib sayır.

Arxada qoyduğu 60 illik ömrünə nəzər salan İmperator ilk dəfə gözlərinin 1964-cü ildə Tokio Olimpiadası zamanı açıldığını xatırladıb.

O, ümid etdiyini bildirib ki, cari ildə Tokioda keçiriləcək Olimpiya Oyunları gənc insanları daha da ruhlandıracaq, onların dünyanı və onun dəyərlərini daha dərindən dərk etməsinə şərait yaradacaq.

Yeni koronavirusla bağlı yaranmış narahatlığa diqqət çəkən İmperator Naruhito xəstəliyə yoluxanlara cansağlığı arzuladığını, bu çətin işlə məşğul olanların ağır əməyini yüksək qiymətləndirdiyini və onlar haqqında düşündüyünü deyib. O, ümid etdiyini bildirib ki, bu yeni xəstəliyin qarşısı tezliklə anılacaq.

Əlavə olaraq bildirək ki, taxta yeni çıxmış İmperator Naruhito vaxtının çoxunu xeyriyyəçilik tədbirlərinə və planetin su ehtiyatlarının qorunması mövzusunun xüsusi yer tutduğu ekoloji məsələlərə həsr etməklə keçirir. Bu sahə Naruhitonun gənclik illərində, onun vəliəhd-şahzadə olduğu dövrdə ən çox diqqət ayırdığı istiqamət olub. Bundan əlavə, İmperatorun fəaliyyətinin digər istiqamətləri arasında Yaponiya Olimpiya Komitəsinə himayədarlıq və Beynəlxalq Olimpiya Komitəsində üzvlük, Yaponiya skautlarına kömək, həmçinin Yaponiya Qırmızı Xaç Cəmiyyətinin fəxri vitse-prezidenti kimi vəzifələr də yer tutur.

Yaponiya cəmiyyətində İmperator ailəsinə maraq həddindən artıq yüksəkdir, yaponların əksəriyyətində bu hiss heyranlıq dərəcəsinədək qalxır. İmperator sülaləsi haqqında müntəzəm şəkildə məlumat yayan kütləvi informasiya vasitələri isə bununla xalqı sevindirirlər.

Tarixi mənbələrin bildirdiyinə görə, Yaponiyada İmperatorun doğum günü ilk dəfə təqribən 775-ci ildə Nara dövründə qeyd edilib. 1945-ci ildə II Dünya müharibəsi başa çatana qədər İmperator Yaponiyada “canlı Allah” hesab edilirdi. Müharibədə məğlub olduqdan sonra İmperator Şyova müqəddəslik statusundan imtina etdi ki, bu da cəmiyyətdə yeni şüurun, yeni idealların yaranmasına səbəb oldu.

Hazırda Yaponiya Konstitusiyasına əsasən, Yaponiya İmperatoru millətin rəmzi və dünyanın ən qədim İmperator sülaləsinin nümayəndəsidir.

1948-ci ildə qəbul olunan “Milli bayramlar haqqında qanun”a görə İmperatorun doğum günü milli bayram və ümumxalq istirahət günü kimi qeyd edilir.

Daha maraqlı bir cəhət isə son imperatorların doğum gününün Yaponiyada bir sıra milli bayramlarla əlaqələndirilməsidir. Məsələn, İmperator Meycinin anadan olduğu noyabrın 3-ü tarixi ölkədə Mədəniyyət Günü elan olunub və 2007-ci il aprelin 29-dan həm də Şyova Günü adlanır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.