DÜNYA
Yaponiyada Karlos Qonun sabiq ortağı Qreq Kellinin məhkəməsi başlayıb
Tokio, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Tokio dairə məhkəməsində “Renault”-“Nissan”-“Mitsubishi” avtomobil alyansının sabiq rəhbəri Karlos Qonun ortağı, Yaponiyanın “Nissan” şirkətinin direktorlar şurasının keçmiş üzvü Qreq Kellinin işi üzrə məhkəmə dinləmələri başlayıb.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, iclasın başlanğıcında Q.Kelli ona qarşı irəli sürülən bütün ittihamları rədd edərək təqsirsiz olduğunu bildirib. Məhkəmə iclasının mətbuat üçün bağlı rejimdə keçirildiyi qeyd edilir.
Bu ərəfədə Yaponiya İctimai Televiziyasına müsahibə verən Q.Kelli K.Qon ilə əlbir olaraq hər hansı maliyyə fırıldaqlarında iştirakı barədə ittihamları rədd etdiyini bildirib. Bununla yanaşı. Q.Kelli məsələ ilə bağlı K.Qonun özünün məhkəmədə ifadə verməsini arzuladığını da deyib.
Xatırladaq ki, Fransa, Braziliya və Livan vətəndaşlığına malik olan K.Qon 2018-ci il noyabrın 19-da həbs olunub. İstintaqın məlumatına görə, K.Qona qarşı 2010-2018-ci illərdə “Nissan” şirkətinin direktoru olarkən ona verilmiş 9 milyard yen (təqribən 80 milyon dollar) məbləğində vəsaiti vergidən yayındırması barədə ittiham irəli sürülüb. Burada söhbət onun şirkəti tərk etdikdən sonra mükafat kimi aldığı, lakin Yaponiya qanunvericiliyinə görə maliyyə bəyanatından gizlətdiyi məbləğdən gedir.
Ötən ilin aprelində K.Qon böyük məbləğdə girov müqabilində həbsxanadan azad olunaraq ev dustağı edilib. Dekabrın sonlarında o, qeyri-leqal olaraq xüsusi təyyarə ilə Yaponiyadan Türkiyəyə, sonra isə Livana qaçıb. Yanvarın 8-də Beyrutda mətbuat konfransı keçirən K.Qon Yaponiya hökumətini və “Nissan” şirkətini ona qarşı əlbir olmaqda günahlandırıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio