DÜNYA
Yaponiyada “Mindul” tufanı nəticəsində bir nəfər həlak olub
Tokio, 23 avqust, AZƏRTAC
Avqustun 22-də Yaponiyanın mərkəzi hissəsinə çatan “Mindul” tufanı nəticəsində bir nəfər həlak olub. Bu barədə Kyodo agentliyi məlumat yayıb.
Məlumata görə, çayın daşması nəticəsində 58 yaşlı qadın boğulub. Onu Tokionun cənub-qərbində, Kanaqava prefekturasının Siqamihara şəhəri yaxınlığındakı yolda tapıblar.
Tufan nəticəsində 67 nəfərin xəsarət aldığı da bildirilir.
Yaponiya Meteorologiya Agentliyinin məlumatına əsasən, ötən gün Yaponiyanın mərkəzi hissəsinə çatan tufan paytaxt Tokio da daxil olmaqla altı prefekturanı əhatə edib. Hazırda şimal istiqamətində hərəkət edən tufan Hokkaydo adasını ağuşuna alıb.
500 mindən çox sakin təxliyə olunmaq və ya küçəyə çıxmamaq barədə tövsiyə alıb. Bu xəbərdarlıq hazırda tufanın tüğyan etdiyi Hokkaydo ilə yanaşı, onun bir gün əvvəl keçdiyi Fukuşima, Saytama və Kanaqava prefekturalarının sakinlərinə də göndərilib. Bəzi rayonlarda daşqınlar hələ də davam edir, elektrik enerjisi kəsildiyinə görə 28 min ev işıqsız qalıb.
Hokkaydo adasında nəqliyyatın hərəkətində problemlər yaranmasa da, xilasedicilər ən azı səkkiz çayın daşacağını bildiriblər. Tufanın çatdığı bəzi rayonlarda yollar su altında qalıb, nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb.
Yaponiyanın mərkəzi hissəsinə çatan tufan nəticəsində beynəlxalq reyslər də daxil olmaqla 500-dən çox aviareys təxirə salınıb. Bir çox rayonlarda dəmir yolu qatarlarının hərəkəti dayanıb. Tokionun qərbində yerləşən Hiqaşimurayama rayonunda şəhərkənarı qatar relsdən çıxıb. Həmin rayonlarda yağıntının intensivliyi saatda 120 millimetrə çatıb.
Hazırda Hokkaydo adasında olan “Mindul“ saatda 35 kilometr sürətlə şimala doğru hərəkət edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio