DÜNYA
Yaponiyada Okinava prefekturasına hüquqların qaytarılmasının 50 illiyi münasibətilə mərasim keçirilib
Tokio, 15 may, AZƏRTAC
Mayın 15-də Yaponiyanın hakimiyyət orqanları İkinci Dünya müharibəsindən sonra ABŞ tərəfindən işğal edilmiş Okinava prefekturasına inzibati hüquqların qaytarılmasının 50 illiyi münasibətilə mərasim keçirib.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, əvvəlcə Okinavanın müharibənin başlanmasından bu günə qədər olan tarixini əks etdirən kadrlardan ibarət videoçarx nümayiş etdirilib.
Mərasimdə çıxış edən Yaponiyanın Baş naziri Fumio Kişida bildirib: “Bu mərasim təkcə Okinava sakinləri üçün deyil, ölkəmizin bütün əhalisi üçün mühüm əhəmiyyət kəsb edir. Döyüş əməliyyatları zamanı itirilmiş ərazinin diplomatiya yolu ilə geri qaytarılması Yaponiya ilə ABŞ arasında dostluq və etimad sayəsində mümkün olub”.
Yaponiya İmperatoru Naruhito tədbirə videobağlantı vasitəsilə qoşulub.
Sonra Yaponiyanın dövlət himni oxunub.
Xatırladaq ki, 1945-ci ilin aprelindən iyununadək Okinavada ABŞ desant qüvvələri ilə Yapon İmperator qoşunlarının qarnizonu arasında döyüşlər davam edib. 1972-ci ilə qədər prefektura ABŞ-ın işğalı altında qalıb və Sakit okeanın şimal-qərbində Pentaqonun hərbi infrastrukturunun əsas elementinə çevrilib. Okinava ərazisi Yaponiya ərazisinin cəmi 0,6 faizini təşkil etsə də, hazırda ölkədəki ABŞ hərbi bazalarının 70 faizindən çoxu, o cümlədən Birləşmiş Ştatlardan kənarda ən böyük baza olan Kadena hərbi-hava qüvvələri bazası burada yerləşir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio