DÜNYA
Yaponiyada Olimpiya alovunun tamaşaçılara nümayişi dayandırılıb
Tokio, 7 aprel, AZƏRTAC
Koronavirus pandemiyasına görə Yaponiyada Olimpiya alovunun tamaşaçılara nümayişi vaxtından əvvəl dayandırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Olimpiya Oyunlarının təşkilat komitəsi məlumat yayıb.
Xatırladaq ki, “Tokio-2020” Yay Olimpiya və Paralimpiya Oyunlarının vaxtının gələn ilə dəyişdirilməsi barədə qərarın qəbulundan əvvəl Yunanıstandan Yaponiyaya gətirilən Olimpiya alovu cari həftəyədək Fukuşima prefekturasında tamaşaçılara nümayiş etdirilirdi. Alovun harada saxlanacağı barədə hələlik məlumat verilmir.
Olimpiya Oyunlarının təşkilat komitəsindən bildirildiyinə görə, əvvəlcə alovun aprelin sonlarınadək nümayişi nəzərdə tutulurdu. Lakin son hadisələr nəzərə alınaraq nümayişin dayandırılması barədə qərar qəbul olunub.
Qeyd edək ki, aprelin 7-də Baş Nazir Şinzo Abe koronavirusun yayılması ilə əlaqədar ölkənin bir sıra prefekturalarında fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu elan edib.
Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsi “Tokio-2020” Olimpiya Oyunlarının 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçirilməsi barədə qərar qəbul edib. Olimpiadanın vaxtının dəyişdirilməsinin səbəbi kimi koronavirus pandemiyasının bütün dünyada yaratdığı vəziyyət göstərilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio