DÜNYA
Yaponiyada Olimpiya və Paralimpiya oyunları üzrə yeni nazir təyin edilib
Tokio, 11 aprel, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunları üzrə yeni nazirin təyin edildiyini bildirib.
AZƏRTAC xəbər verir ki, əvvəllər də bu vəzifədə işləmiş Syuniçi Suzukiyə yenidən etimad göstərilib.
Olimpiada üzrə sabiq nazir Yoşitaka Sakurada 2011-ci ildə baş vermiş zəlzələ və sunami ilə əlaqədar çıxışında işlətdiyi yersiz ifadələrin zərərçəkənlər tərəfindən təhqir kimi qəbul edilməsindən sonra istefa verməli olub. Belə ki, Liberal Demokratik Partiyadan olan deputat xanım Hinako Takahaşinin şərəfinə keçirilən təntənəli mərasimdə çıxış edən sabiq nazir İvata prefekturasındakı çətinliklərə toxunaraq, həmin deputatı “bərpanın özündən vacib şəxs” kimi xarakterizə etmişdi.
Y.Sakurada, həmçinin hökumət başçısı yanında fəaliyyət göstərən kibertəhlükəsizlik üzrə qərargahın rəis müavini olarkən parlamentdə dinləmələr zamanı özünün heç vaxt kompüterdən istifadə etmədiyi barədə ifadəsi ilə yadda qalmışdı.
Bundan əlavə, Y.Sakurada onun birbaşa cavabdeh olduğu məsələlərlə bağlı suallara dəfələrlə düzgün cavab verməməsi ilə diqqəti cəlb etmişdi. Hətta bir dəfə o, Olimpiya və Paralimpiya oyunları ilə bağlı xərclərlə əlaqədar suala 1500 yen (təqribən 13 dollar) cavabını vermişdi. Halbuki bunun üçün 150 milyard yen vəsaitin lazım olduğu bildirilirdi.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio