DÜNYA
Yaponiyada Sakuracima vulkanı ətrafındakı qadağan zonası genişləndirilib
Tokio, 25 aprel, AZƏRTAC
Yaponiya Meteorologiya Agentliyi ölkənin cənubunda, Kaqoşima prefekturası ərazisində yerləşən Sakuracima vulkanının püskürməsi ilə əlaqədar yerli sakinlərin yaxınlaşa biləcəyi dairəni genişləndirib.
AZƏRTAC xəbər verir ki, vulkan bazar günü gecə, yerli vaxtla saat 1:09 dəqiqədə püskürməyə başlayıb. Vulkanın təqribən 2300 metr hündürlüyə kül və tüstü püskürdüyü qeyd edilir. Nəticədə piroklasrik axının kraterin cənub-qərbində 1,8 kilometr məsafəyə yayıldığı bildirilir.
Agentlik kraterdən qadağan zonasını 2 kilometrdən 2,4 kilometrədək genişləndirsə də, təhlükə dərəcəsini beş ballıq sistem üzrə üçüncü dərəcədə saxlayıb.
Qeyd edilir ki, ərazidə yaşayış məntəqələri kraterdən təqribən 2,5 kilometr məsafədə yerləşir və burada 90 nəfər yaşayır.
Yerli polis və yanğınsöndürmə orqanlarının bildirdiyinə görə, yerli vaxtla səhər saat 5 radələrinədək dəyən zərər barədə məlumat daxil olmayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio