DÜNYA
Yaponiyada Tənha İnsanlar Nazirliyi yaradılacaq
Tokio, 12 fevral, AZƏRTAC
Yaponiyada kimsəsiz insanların problemlərini araşdıracaq Tənha İnsanlar Nazirliyi yaradılacaq.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə fevralın 12-də Baş nazir Yoşihide Suqa məlumat verib. Bildirilir ki, həmin gün Baş nazir öz dəftərxanasında regionların həyat fəaliyyətinin bərpası naziri Tesuşi Sakamotonu qəbul edib. Y.Suqa bundan sonra Tesuşi Sakamotoya öz əsas vəzifəsi ilə yanaşı, kimsəsiz insanların problemləri ilə məşğul olmağı da həvalə edib.
Görüşdən sonra T.Sakamoto jurnalistlərə bildirib ki, koronavirus pandemiyası dövründə Yaponiyada özünə qəsd edənlərin sayı son 11 ildə ilk dəfə artıb. Bu göstəricinin artımı 3,7 faiz təşkil edərək, son bir ildə təqribən 21 minə çatıb.
Qeyd edək ki, bu ərəfədə belə bir qurum Böyük Britaniyada təsis edilib. Yeni yaradılan Psixi Sağlamlıq Nazirliyinə 49 yaşlı Jaklin Doyl-Prays rəhbər təyin edilib. Yeni nazir Birləşmiş Krallığın müxtəlif yerlərində özünəqəsdin qarşısını almaq üçün görülən tədbirlərə nəzarət edəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio