DÜNYA


Yaponiyada çox güclü “Hagibis” tufanına hazırlıq işləri davam edir

Tokio, 11 oktyabr, AZƏRTAC

Yaponiya oktyabrın 12-də ölkənin mərkəzi hissəsinə yaxınlaşacaq çox güclü “Hagibis” tufanı ilə bağlı hazırlıq işlərini davam etdirir.

AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, tufanın çox geniş əraziyə güclü qasırğa və leysan yağışlar gətirəcəyi gözlənilir. Bildirilir ki, oktyabrın 11-də Sakit okeandakı Oqasavara adalarını keçən tufan saatda 25 kilometr sürətlə şimal istiqamətində hərəkət edir. Meteoroloqlar “Hagibis” tufanını 1958-ci ildə Yaponiyaya böyük ziyan vurmuş təbii fəlakətlə müqayisə edirlər. Həmin vaxt 1200-dən çox sakin ölmüşdü.

Tufanın oktyabrın 12-də Yaponiyanın mərkəzi hissəsinə çatması ilə əlaqədar ölkənin həm şərq, həm də qərb sahillərində güclü qasırğa proqnozlaşdırılır. Bütün yerli telekanallar əhalini su, yemək ehtiyatı görməyə, lazım gələrsə təxliyə ilə bağlı yolları dəqiqləşdirməyə çağırır.

Əlaqədar nazirliklərin rəhbərləri ilə görüşən Baş nazir Şinzo Abe onların hamısına fövqəladə vəziyyətə hazır olmağı tapşırıb.

Tufanın keçəcəyi ərazilərdə artıq suyun çıxarılması üçün maşınlar, işıqlandırıcı qurğular, daşqın və torpaq sürüşmələri ilə bağlı buldozerlər və digər lazımi texnika toplanıb. Həmin əraziyə əlavə olaraq ehtiyat generatorlar da yerləşdirilib. Ərazidəki hərbi hissələrin də hazırlıq vəziyyətinə gətirildiyi bildirilir.

Tufan günlərində “JR East” və “JR Toaki” şirkətləri bir sıra xətlərdə qatarların hərəkətinin dayandırılacağını elan edib. Yerli aviaşirkətlərin də 370-dən çox daxili və beynəlxalq reysi təxirə saldığı bildirilir.

Bununla yanaşı, Yaponiyada davam edən reqbi üzrə dünya kubokunun oktyabrın 12-nə təyin edilmiş iki oyunu təxirə salınıb. “Formula 1” Yaponiya Qran Prisinin həmin günə təyin olunmuş təsnifat gedişləri dayandırılıb.

“Toyota” şirkəti isə özünün ölkə ərazisində yerləşən üç zavodunda işlərin dayandırılacağını elan edib.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.