İQTİSADİYYAT
Yaponiyada dağ-mədən sahəsində istifadə olunan müasir texnoloji həllər Azərbaycanda tətbiq edilə bilər
Bakı, 22 yanvar, AZƏRTAC
Yaponiyada dağ-mədən sahəsində istifadə olunan müasir texnoloji həllər Azərbaycanda tətbiq edilə bilər.
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən (QSC) AZƏRTAC-a bildirilib ki, qurumun idarə heyətinin sədri Zakir İbrahimov Yaponiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Cuniçi Vada ilə görüşüb. Səfirliyin iki ölkə arasında bir çox istiqamətlərdə mövcud əməkdaşlığın güclənməsində xidmətlərini xüsusi vurğulayan sədr Yaponiya səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb. Ölkəmizdə fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Yaponiya iqtisadi münasibətlərinin inkişafı, xüsusilə dağ-mədən sahəsində əməkdaşlığın qurulmasında səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə Z. İbrahimov “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, QSC-nin strateji planları və dağ-mədən sektorunda iqtisadi səmərəliliyin artırılması istiqamətində görülən işlər haqqında danışıb. İdarə heyətinin sədri Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun şanlı Qələbəsi nəticəsində azad edilən ərazilərimizin iqtisadi sahədə, xüsusilə də dağ-mədən sektorunda əməkdaşlıq üçün geniş perspektivlər açdığını vurğulayıb.
Səfir C.Vada Yaponiyanın Neft, Qaz və Metallar üzrə Milli Korporasiyası olan JOGMEC-in fəaliyyəti haqqında danışaraq sözügedən şirkətin neft və təbii qaz təminatı ilə yanaşı, əlvan metal və mineral ehtiyatların tədarükü sahəsində ixtisaslaşdığını və bu sektorda Yaponiyanı uğurla təmsil etdiyini bildirib. Görüşdə sözügedən şirkətlə potensial əməkdaşlıq prespektivləri, təcrübə mübadiləsi, dağ-mədən sənayesinə investisiya qoyuluşlarının cəlb edilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Səfir investisiya qoyuluşu ilə yanaşı, daha bir perspektivli məsələnin Yaponiyada dağ-mədən sahəsində istifadə olunan müasir texnoloji həllərin və ən qabaqcıl innovativ modellərinin Azərbaycanda tətbiq edilməsinin mümkünlüyünü bildirib.
Z.İbrahimov, öz növbəsində, yataqlarla bağlı məlumatların rəqəmsallaşdırılması prosesində faydalı ola biləcək, o cümlədən yataqların geoloji kəşfiyyatdan istismaradək tələb olunan müddətin azalmasına şərait yaradacaq innovativ təşəbbüslərə QSC-nin açıq olduğunu diqqətə çatdırıb.
Belə görüşlərin ölkələr arasında əməkdaşlığı daha da genişləndirməsi baxımından faydalı imkanlar yaradacağı xüsusi qeyd olunub.