DÜNYA
Yaponiyada güclü istilər bir həftədə 23 nəfərin həyatına son qoyub
Tokio, 28 iyul, AZƏRTAC
Yaponiyada ötən həftə davam edən isti hava şəraitinə görə səkkiz mindən çox insan xəstəxanalara yerləşdirilib, 23 nəfər həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Yaponiya Baş Yanğınsöndürmə İdarəsinə istinadla yayılan xəbərdə bildirilir ki, iyulun 19-dan 25-dək xəstəxanalara günvurma diaqnozu ilə azı 8122 nəfər yerləşdirilib. Bu, ötən həftənin müvafiq göstəricisindən 1,8 dəfə çoxdur.
Qeyd edilir ki, Yaponiyada yay fəslində əsasən yaşı 60-dan yuxarı olan insanlar günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilir. Qənaət etmək üçün kondisionerləri işlətməyən şəxslər və ya tarlada çalışan fermerlər isti havadan daha çox əziyyət çəkirlər. Rütubətin çox yüksək olduğu Yaponiyada əsasən iyul və avqust aylarında dözülməz istilər hökm sürür.
İyulun 28-də ölkənin bir çox regionlarında temperatur 30 dərəcədən yuxarı olub. Yerli hakimiyyət orqanları sakinlərə baş geyimindən və mayedən daha çox istifadə etməyi, Günəş altında az qalmağı tövsiyə edirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio