DÜNYA
Yaponiyada güclü qar ciddi problemlər yaratmışdır VİDEO
Tokio, 17 fevral (AZƏRTAC). Yaponiya arxipelaqının böyük bir hissəsində yağan güclü qar ciddi problemlər törətmişdir. Ölkənin böyük şəhərlərində artıq bir həftədir ki, avtomobillər tıxaclarda qalmış, yollarda hərəkət dayanmışdır.
Rekord həddə yağan qar nəticəsində baş verən hadisələr zamanı 19 nəfər həlak olmuş, 1600 nəfər müxtəlif dərəcəli xəsarətlər almışdır. Zərərçəkənlər, əsasən, yol-nəqliyyat hadisəsi, damların çökməsi və dağlarda sürüşmələrin qurbanı olmuşlar.
Yaponiyanın mərkəzi hissəsində yerləşən 7 prefekturanın 11 məntəqəsinin yeddi minə yaxın sakininin ətraf aləmlə əlaqəsi tamamilə kəsilmişdir. Bu məntəqələrə gedən yolları ağır texnikanın və ordu qüvvələrinin gücü ilə təmizləməyə çalışırlar. Elektrik naqilləri qırıldığına görə, doqquz min ev işıqsız qalmışdır.
Ölkənin əsas aeroportlarında 30 santimetr hündürlükdə qar yığınları təyyarələrin hərəkətini pozmuşdur. Tokioda və Osakada 300-dən artıq daxili və 12 beynəlxalq aviareys təxirə salınmışdır. Sürəti saniyədə 45 metrə çatan güclü külək vəziyyəti daha da ağırlaşdırmışdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio