Yaponiyada güclü zəlzələ nəticəsində relsdən çıxmış qatarın xəttə qaytarılmasına başlanılıb
AzerTAg.az

Tokio, 27 mart, AZƏRTAC
Yaponiyanın “JR East” şirkəti zəlzələ nəticəsində relsdən çıxmış sürətli “Shinkansen” qatarının xəttə qaytarılmasına başlayıb.
AZƏRTAC xəbər verir ki, 17 vaqondan ibarət olan qatarın 16 vaqonu Yaponiyanın şimal-şərqində martın 16-da baş vermiş 7,4 bal gücündə zəlzələ zamanı relsdən çıxıb. Nəticədə dörd sərnişin xəsarət alıb.
“JR East” şirkəti vaqonların relsə qaytarılması işlərinə martın 20-də start verib. Martın 27-də isə birinci və ikinci vaqonlar dartıcı parovoz vasitəsilə “Şiroişizo” stansiyasına aparılıb. Bildirilir ki, cəmi 2 kilometr məsafədə yerləşən bu stansiyaya çatmaq üçün təqribən 20 dəqiqə vaxt lazım gəlib.
Şirkət gələn bazar gününədək bütün vaqonları relsə qaytarmaq niyyətindədir. Onların sonradan prefekturadakı bazaya aparılacağı bildirilir.
Hazırda Fukusima prefekturasında yerləşən “Koriyama” stansiyası ilə İvate prefekturasında yerləşən “İçinoseki” stansiyası arasında qatarların hərəkəti dayandırılıb. Şirkət həmin xətdə hərəkətin aprelin 20-də bərpa olunmasını planlaşdırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Xəbərin mətnində orfoqrafik səhv var