DÜNYA
Yaponiyada güclü zəlzələnin gözlənildiyi barədə xəbərdarlıq edilib
Tokio, 15 fevral, AZƏRTAC.
Yaponiya hökuməti yanında şura şənbə günü ölkənin şimal-şərqində baş verən güclü zəlzələdən sonra qarşıdakı yeddi gün ərzində daha güclü yeraltı təkanların baş verməsinin gözlənildiyi barədə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, bu barədə şuranın Fukuşima prefekturasında baş vermiş 7,3 bal gücündə zəlzələdən bir gün sonra keçirilən növbədənkənar iclasında bəyan edilib. Qeyd edilir ki, həmin zəlzələdən sonra Miyaqi prefekturasının sahillərində 20 santimetr hündürlükdə sunami dalğaları müşahidə olunub.
Şura bildirib ki, 2011-ci ildə baş vermiş çox güclü zəlzələnin afterşoklarının toplandığı rayonlarda yaxın günlərdə yeni çox güclü yeraltı təkanların baş verəcəyi gözlənilir. Həmçinin qeyd edilir ki, bu təkanların baş verməsi ehtimalı uzun müddət qala bilər.
Şuranın sədri Hirata Naoşi bildirib ki, əgər şənbə günü qeydə alınan təkanlar suyun daha dayaz hissəsində baş versəydi, bu, daha hündür sunami dalğalarının yaranmasına səbəb ola bilərdi. H.Naoşi sahil rayonlarında yaşayan əhalini daha güclü zəlzələyə və sunamiyə hazır olmağa çağırıb.
Xatırladaq ki, fevralın 13-də yerli vaxtla 23:08 dəqiqədə Fukuşima və Miyaqi prefekturalarında baş vermiş 7,3 bal gücündə zəlzələ fəsadlara səbəb olub. Zəlzələdən sonra silsilə afterşoklar qeydə alınıb. Təbii fəlakət nəticəsində 150-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio