ELM VƏ TƏHSİL


Yaponiyada “həmkarların rəyi” elmi tədqiqatın dəstəklənməsinin qrant formasının əsas elementidir - Dünyanın elm təcrübəsindən

Tokio, 9 mart, AZƏRTAC

Yaponiyada elmi tədqiqatın dəstəklənməsinin qrant formasının əsas elementini “həmkarların rəyi” (peer review) təşkil edir. Yaponiya Elmin İnkişafı Cəmiyyətinin (JSPS) həyata keçirdiyi bu prosedurun əvvəlində bəyan edilən nəticələr, sonunda isə əldə olunan nəticələr yoxlanılır. Tədqiqatların nəticələri elmi jurnala göndərilməzdən əvvəl bir daha resenziya yoxlamasından keçir, dərc olunduqdan sonra isə elmi ictimaiyyətin diqqət obyektinə çevrilir. Belə təkrar resenziyalaşdırma elmi tədqiqatların yüksək keyfiyyətinə zəmin yaradır.

AZƏRTAC-ın xüsusi müxbirinin araşdırmasına görə, JSPS-nin təcrübəsində qrantların bu formasının bəzi hallarda səmərəli olmaması da qeydə alınır. “Pioner” elmi vəzifələrə gəldikdə, “həmkarların rəyi” proseduru üçün mütəxəssislər seçmək heç də həmişə mümkün olmur. Subsidiyaların bir çox təşəbbüs layihələri arasında bölünməsi Yaponiyanın elm və texnologiya kompleksinin strateji inkişafı üçün böyük əhəmiyyət kəsb edən daha iri və qabaqcıl tədqiqatların kifayət qədər maliyyələşdirilməməsinə səbəb olur. Məhz buna görə JSPS strateji əhəmiyyətə malik ən müasir elmi tədqiqat işlərinin dəstəklənməsi üçün qrant ayrılmasını 2014-cü ildən etibarən dayandırıb.

Bəs Yaponiyada elmi tədqiqatlar üçün proqram məqsədli dəstək necə göstərilir? Bu suala cavab olaraq aşağıdakıları qeyd etmək olar.

Elmi tədqiqatın proqram məqsədli əsasda maliyyələşdirilməsi 2003-cü ildə müstəqil qurum kimi yaradılan Yaponiya Elm və Texnologiya Agentliyi (Japan Science and Technology Agency, JAST) tərəfindən aparılır. Agentlik 1996-cı ildə, əvvəllər mövcud olmuş Yaponiya Elmi Tədqiqatların İnkişafı Korporasiyası və Yaponiya Elm və Texnologiya İnformasiya Mərkəzinin birləşdirilməsindən yaranmış Yaponiya Elm və Texnologiya Korporasiyası əsasında formalaşıb.

Yaponiya Elm və Texnologiya İnformasiya Mərkəzi 1957-ci ildə ölkə ictimaiyyətini müvafiq sahələrə dair milli və beynəlxalq məlumatlarla təmin edən əsas qurumu kimi yaradılmışdı. Elmi Tədqiqatların İnkişafı Korporasiyası isə ölkənin xarici texnologiyadan asılılığını azaltmaq, Yaponiya universitetlərində və elmi-tədqiqat institutlarında aparılan ciddi tədqiqatları seçmək və dəstəkləmək, elmi nəticələrin özəl sektorda sürətlə istifadəsini təmin etmək məqsədilə 1961-ci ildə təsis olunmuşdu.

Yaponiya Elm və Texnologiya Agentliyinin (JAST) məqsədi elmi və texnologiyanı təbliğ etmək, ölkənin bu sahədə problemlərinin daha yaxşı başa düşülməsinə şərait yaratmaq, milli rifaha və inkişafa dəstək verməkdir. Bunun üçün agentlik innovasiyaların yaradılması üzrə tədqiqat strategiyasını hazırlayır; fundamental tədqiqatların strateji proqramlarını, tədqiqat, texnologiya transfer və beynəlxalq əməkdaşlıq proqramlarını həyata keçirməklə innovasiyaların təşviqinə töhfə verir; elmi-texniki məlumatların yayılmasını, təbiət elmləri sahəsində təhsilin təşviqini, elmi kommunikasiyaların təşviqini əhatə edən innovasiyaların yaradılması infrastrukturunu formalaşdırır.

JAST-nin büdcəsi 2004-cü ildəki 109,4 milyard yendən 2014-cü ildə 135,6 milyard yenə yüksəlib. Eyni zamanda, hökumət subsidiyalarının məbləği 100,9 milyard yen təşkil edib.

Fundamental tədqiqatların strateji proqramları Yaponiyanın qarşısında duran mühüm problemlərin həlli yollarının tapılmasına kömək göstərir. Bu sıraya ətraf mühit və təbiət, nanotexnologiyalar və materiallar, informasiya və kommunikasiya texnologiyaları, sosial infrastruktur və s. daxildir. Həmin proqramlar ölkənin strateji məqsədlərinə nail olunmasını təmin edə bilən, iqtisadiyyatı və cəmiyyəti dəyişə bilən yeni elmi biliklərə əsaslanan inqilabi texnoloji zəmin yaratmağa yönəlib. Bu layihələrin icra müddəti 5 ildir. Onlara ayrılan maliyyə dəstəyinin orta məbləği isə 1,2 milyard yen təşkil edir.

Bu sırada aşağıdakı əsas strateji proqramları qeyd etmək olar:

1. Beynəlxalq kooperativ tədqiqatların strateji proqramı (Strategic International Research Cooperative Program, SICP) elm və texnologiya sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişlərə əsaslanır. Proqram iştirakçı ölkələr tərəfindən dəstəklənən prioritet tədqiqat sahələri üzrə yapon alimlərinin birgə elmi layihələrini bərabər şəkildə maliyyələşdirir. Təcili birgə layihələrə, həmçinin Yaponiyada və xaricdə fəlakətlər və digər gözlənilməz hadisələrlə bağlı layihələrə dəstək verilir.

2. Beynəlxalq elmi əməkdaşlıq üzrə strateji tədqiqat proqramı (Strategic International Collaborative Research Program, SICORP) elm və texnologiya sahəsində əməkdaşlıq haqqında inkişaf etmiş ölkələr və regionlarla hökumətlərarası sazişlərə əsaslanır. Proqram iştirakçı ölkələr üçün ümumi elmi problemlərin həllinə yönəlib və Yaponiyanın elmi və texnoloji imkanlarının genişləndirilməsinə töhfə verən layihələri maliyyələşdirir.

3. Qabaqcıl texnologiyalar üçün kəşfiyyat tədqiqatları proqramı (Exploratory Research for Advanced Technology, ERATO) 1981-ci ildən həyata keçirilir. Proqram hökumət tərəfindən müəyyən edilmiş əsas sahələrdə fundamental tədqiqatları dəstəkləyir. Burada sosial-iqtisadi ehtiyacları ödəmək üçün yeni texnologiyaların böyük potensialı var. Proqram həm Yaponiyada, həm də xaricdə yüksək səviyyədə tanınıb. Onun vasitəsilə qrip pandemiyasının yeni ştamının qarşısının alınması texnologiyaları yaradılıb, şəffaf materiallar vasitəsilə elektrik siqnalının ötürülməsi işlənib-hazırlanıb, maye silisiumla örtülmə prosesindən istifadə etməklə yüksək səmərəli Günəş batareyaları əldə olunub.

4. İlkin elm və texnologiyalar üçün prekursor tədqiqat proqramına (Precursory Research for Embryonic Science and Technology, PRESTO) 1991-ci ildən başlanılıb. Fundamental tədqiqatlara yönələn bu proqramın məqsədi strateji sahələrdə və yeni texnologiyalar yarada bilən innovasiyaları, yeni sənaye sahələrinin inkişafını, sosial və iqtisadi tərəqqiyə nail olunmasını dəstəkləməkdir. Əldə edilən nəticələrin aşağıdakı iki nümunəsini qeyd etmək olar:

- xərçəng şişlərini aşkar etmək üçün yerli flüoresan nümunələri texnologiyası;

- silisium atomlarının ardıcıl vibrasiyasından istifadə edərək terahertz tezliyi dalğasının öyrənilməsi.

5. İnnovativ tədqiqat və araşdırmaların strateji təşviqi proqramı (Strategic Promotion of Innovative Research and Development, SPIRD) 2001-ci ildən həyata keçirilir. Bu proqram perspektivli tədqiqat və araşdırma nəticələrinə əsaslanan innovasiyalar yaratmaq üçün akademiklərin və biznes dairələrinin yaxınlaşmasını təşviq edir.

Yuxarıda sadalanan proqramlar üçün tədqiqatın məqsəd və vəzifələrinin layihə icraçıları tərəfindən müəyyən edilməməsi xarakterikdir. “Həmkarların rəyi” prosedurundan istifadə etməklə əldə olunan nəticələrin keyfiyyətinə açıq nəzarət yoxdur. Alınmış nəticələrin texniki tapşırıqda müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılır. JAST proqramları çərçivəsində reallaşdırılan layihələrin fərqləndirici xüsusiyyəti elmi tədqiqat və araşdırma kateqoriyasına aid olmayan, lakin qarşıya qoyulan məqsədlərə çatmaq üçün zəruri işlərin həyat keçirilməsidir. Alınan nəticələrin əsas istehlakçısı işin sifarişçisi - dövlətdir və sonradan həyata keçirilməsi üçün vacib olan məlumatlar ilk növbədə nəticələri qəbul edən icraçıların və JAST ekspertlərinin sərəncamındadır. Bu da ölkə iqtisadiyyatının özəl sektor tərəfindən mənimsənilməməsi və kommersiya baxımından səmərəli nəticələrin miqdarının artırılması üçün ilkin şərtlər yaradır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.