DÜNYA


Yaponiyada həyat normal axarına qayıdır

Tokio, 10 oktyabr, AZƏRTAC

Yaponiya hökumətinin oktyabrın 1-dən fövqəladə vəziyyət rejiminin aradan qaldırılması barədə qərarından sonra ölkədə həyat normal axarına qayıdır.

AZƏRTAC xəbər verir ki, Tokio paytaxt hökuməti oktyabrın 8-də cəmi 82 yeni yoluxma halının qeydə alındığı barədə məlumat yayıb. Bu, cari ildə qeydə alınan ən az gündəlik yoluxma halıdır.

Ümumilikdə ölkə üzrə yoluxmaların sayında da azalmanın qeydə alındığı bildirilir. Belə ki, şənbə gününə olan son məlumata görə, ölkə üzrə yeni yoluxanların ümumi sayı 777 nəfər təşkil edib. Müqayisə üçün qeyd edək ki, avqustda, beşinci dalğanın pik həddində ölkə üzrə gündəlik 25 min yeni yoluxma qeydə alınırdı.

Yaponiya hökuməti ölkənin pandemiyadan əvvəlki həyatına qayıtması üçün məhdudiyyətləri mərhələlərlə aradan qaldıracağını bildirib. Xüsusən, istirahət günlərində əhalinin daha çox açıq havaya çıxmaq istəməsi hökumət orqanlarını ehtiyatlı davranmağa məcbur edir. Belə ki, tamaşaçıların Yaponiyanın cənub-qərbində təşkil edilən veloyürüşə baxmaq üçün can atdıqları bildirilir. Yarışa buraxılmaq üçün onlardan tam vaksinasiya olunduqlarını və ya koronavirus testinin mənfi olmasını təsdiq edən sənədlər tələb edilib.

Tokio zooparkı da şənbə günüdən başlayaraq gündəlik ziyarət sayını 6500 nəfər həddində müəyyən edib. Bu, fövqəladə vəziyyət tətbiq edilən dövrlə müqayisədə təqribən üç dəfə çoxdur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.