SİYASƏT


Yaponiyada keçirilən “Müxtəlifliyə hörmətlə yanaşaq” adlı konfransda Azərbaycanın uğurlu təcrübəsindən danışılıb

Tokio, 29 iyul, AZƏRTAC

Yaponiyada tanınmış iş adamı Kazuyasu İşidanın rəhbərlik etdiyi “Sərhədləri aşanlar 3.0” klubu tərəfindən təşkil edilən “Müxtəlifliyə hörmətlə yanaşaq” adlı beynəlxalq onlayn konfransda Azərbaycanın bu sahədə uğurlu təcrübəsindən danışılıb.

AZƏRTAC xəbər verir ki, onlayn konfransın işində Azərbaycan, Sudan, Koreya Respublikası və İslandiyadan olan nümayəndələr iştirak ediblər.

İştirakçılar əsasən BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, bu qlobal təşəbbüsün müxtəlif ölkələrdə həyat keçirilməsi ilə əlaqədar görülən işlər, həmçinin müxtəlifliyə hörmətlə yanaşma, milli mənsubiyyətindən, dinindən və dilindən asılı olmayaraq insanların dinc yanaşı yaşaması məsələlərini müzakirə ediblər. Eyni zamanda, onlayn konfransda COVID-19 pandemiyası dövründə dünyanın qarşılaşdığı problemlər və onların həlli, yeni şəraitdə xalqlar arasında əməkdaşlığın inkişafının davam etdirilməsi yolları barədə fikir mübadiləsi aparılıb.

Konfransda Azərbaycan Dillər Universitetinin müəllimi, “Yaponiya araşdırmaları” mərkəzinin rəhbəri Yaşar İbrahimov Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə qlobal təşəbbüsünə 2015-ci ildə qoşulduğunu və ötən müddətdə bu sahədə mühüm işlər görüldüyünü bildirib.

Y.İbrahimov vurğulayıb ki, davamlı inkişafın əsas məqsədi yoxsulluğun aradan qaldırılması və planetin qorunmasını təmin etməkdir. Bu layihə iqlim dəyişikliyi, iqtisadi bərabərsizlik, yenilik, davamlı istehlak, sülh və ədaləti əhatə edən 17 hədəfdən ibarətdir. Qeyd edib ki, Azərbaycan ötən illər ərzində Dayanıqlı İnkişaf Məqsədləri üzrə bir çox hədəfləri, xüsusilə insanların sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyinin təşviq və təmin olunması üzrə mühüm nailiyyətlər əldə edib. Belə ki, 2015-ci ildə Azərbaycan yoxsulluğa və aclığa qarşı mübarizədəki uğurlarına görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Cənub-Cənub” mükafatına layiq görülüb.

Hazırda Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəzifələrin icrası və bütövlükdə ölkə əhalisinin həyat səviyyəsinin yeni inkişaf pilləsinə qaldırılması üçün iqtisadiyyatımızın əsaslı yeniləşdirilməsi konsepsiyası uğurla həyata keçirilir.

Konfransda K.İşida BMT ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda mühüm tədbirlər həyata keçirildiyini, müvafiq proqramların icrası nəticəsində iqtisadiyyatın inkişaf etdirilməsi və yeni iş yerlərinin açılması kimi mühüm nailiyyətlərin əldə olunduğunu bildirib.

Azərbaycan rəhbərliyi tərəfindən müxtəlifliyə hörmətlə yanaşma, multikultural və tolerant cəmiyyətin inkişafı istiqamətində görülən işlərin şəxsən şahidi olduğunu diqqətə çatdıran K.İşida ölkəmizin təşkilatçılığı keçirilən Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu və digər bu kimi beynəlxalq tədbirlərin əhəmiyyətindən danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yaradılmış çoxmədəniyyətli və tolerant mühitdən bəhs edib. Bildirib ki, məhz bu tədbirlər Azərbaycanı bütün dünyada multikultural və tolerant bil ölkə kimi tanıdır.

Onlayn konfransda digər ölkələrdə də həmin sahədə görülən işlər barədə ətraflı məlumat verilib.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.