DÜNYA
Yaponiyada koronavirusa görə altı ölkənin səfiri etimadnaməsini İmperatora təqdim edə bilmir
Tokio, 20 iyun, AZƏRTAC
Yaponiyada fəaliyyətə başlayacaq altı ölkənin, o cümlədən Azərbaycanın səfirləri koronavirus pandemiyasına görə etimadnamələrini İmperator Naruhitoya təqdim edə bilmirlər. Diplomatik protokol qaydalarına görə həmin diplomatlar hələ də gözləyən səfir statusunda qalıblar.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, Azərbaycan, Tonqo, Ruanda, Mali və Tanzaniyanın səfirləri etimadnamələrinin surətini Xarici İşlər Nazirliyinə təqdim etdiklərinə görə öz diplomatik fəaliyyətlərinə başlayıblar. Eyni zamanda, İmperator saray dəftərxanasının bildirdiyinə görə, Tokioda və ölkənin digər ərazilərində koronavirusa yeni yoluxma halları azalacağı təqdirdə səfirlər etimadnamələrini iyunun sonuna planlaşdırılan tədbir zamanı İmperatora təqdim edə biləcəklər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio