DÜNYA


Yaponiyada koronavirusa yoluxma sayına görə yenidən antirekord qeydə alınıb

Tokio, 29 sentyabr, AZƏRTAC

Koronavirus pandemiyası dövründə ən az yoluxma hallarının baş verdiyi ölkələrdən biri olan Yaponiyada artıq 10-cu həftədir ki, dünya üzrə ən çox belə hal qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatı (DST) məlumat yayıb. Bildirilir ki, son həftə ərzində Yaponiyada 535 mindən artıq yeni yoluxma halı qeydə alınıb. Bu 361 min yoluxma sayı ilə ikinci yerdə olan ABŞ-dan demək olar ki, iki dəfə çoxdur.

Mütəxəssislərin bildirdiyinə görə Yaponiyada hazırda yeddinci yoluxma dalğası davam edir. Son sutka ərzində təqribən 50 min yeni yoluxma halı qeydə alınıb. Bununla yanaşı, Tokio Siyasi Araşdırmalar Fondunun məlumatına görə, Yaponiya əhalisinin koronavirusa qarşı kollektiv immuniteti təqribən 90 faiz təşkil edir.

Buna baxmayaraq, Yaponiya hökuməti koronovirusun yayılmasının qarşısını almaq məqsədilə ölkəyə girişlə bağlı tətbiq edilən məhdudiyyətləri oktyabrın 11-dən aradan qaldırmaq barədə qərar qəbul edib. Qərara əsasən, həmin gündən etibarən ölkəyə sutka ərzində gəliş sayına tətbiq edilən limit, qısamüddətli vizaların verilməsi məhdudiyyətləri və fərdi turizm barədə qadağa aradan qaldırılacaq.

 
Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.