DÜNYA
Yaponiyada ötən ilin noyabrından bəri ilk ölüm hökmü icra edilib
Tokio, 13 iyul, AZƏRTAC
İyulun 13-də Yaponiyada iki cinayətkar edam olunub. Bu barədə NHK telekanalı məlumat yayıb.
Məhkəmənin qərarına əsasən, 61 yaşlı Masakazu Hişikava və 34 yaşlı Koiçi Şumida edam ediliblər. Onlardan birincisi 26 il əvvəl içki müəssisələrinin sahibi olan dörd qadını qarət məqsədilə qətlə yetirib. Onun haqqında ölüm hökmü 2005-ci ildə çıxarılıb. İkinci cinayətkar isə öz həmkarını qətlə yetirərək hissələrə ayırıb. Onun haqqında ölüm hökmü 2013-cü ildə qəbul olunub.
Yaponiyada sonuncu dəfə ölüm hökmü 2016-cı ilin noyabrında icra edilmişdi. Şinzo Abe Baş nazir vəzifəsinə seçiləndən bəri ölkədə 19 cinayətkar edam edilib. Hazırda 130 nəfər haqlarında çıxarılan ölüm hökmünün icrasını gözləyir. Adətən ölüm hökmü məhkəmənin bu qərarının qəbulundan bir neçə il sonra icra edilir.
Beynəlxalq hüquq müdafiələri Yaponiyanı qeyri-humanist addım olan ölüm hökmünü ləğv etməyə çağırırlar.
Yaponiyada ölüm hökmü asılmaqla icra edilir. Aparılan sorğuların nəticələrinə görə, ölkə əhalisinin 85 faizi ölüm hökmünü dəstəklədiyini bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio