DÜNYA
Yaponiyada qəzalı “Fukusima-1” AES-in reaktorlarına baxmaq üçün robot balıq düzəldilib
Tokio, 15 iyun, AZƏRTAC
Yaponiyada 2011-ci ilin martında baş vermiş zəlzələ və sunami nəticəsində zərər çəkmiş “Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) nüvə reaktorlarını tədqiq etmək üçün robot balıq düzəldilib. Bu barədə Kyodo agentliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, üzən qurğu iyunun 15-də Yokosuka şəhərində “Toshiba” şirkəti və Nüvə Reaktorlarının Sökülməsi Problemləri Üzrə Beynəlxalq İnstitut tərəfindən ictimaiyyətə təqdim olunub.
13x30 santimetr ölçüdə olan silindirik robot “Mini-mambo” adlandırılıb. Kabel vasitəsilə idarə edilən robot təhlükəsizlik qatını keçərək 3 nömrəli reaktora daxil olacaq. Altı metr dərinlikdə soyuducu suyun toplandığı sahədə robot zədələnmiş yerlərin fotosunu çəkəcək. Həmin məlumatlar əsasında reaktorun daxilindəki radioaktiv tullantının çıxarılması üçün işlər hesablanacaq.
AES-in operatoru olan TEPCO şirkəti əvvəllər soxulcan və əqrəb formalı robotlar vasitəsilə reaktorun daxilindəki vəziyyəti araşdırmağa çalışsa da hər iki cəhd uğursuzluqla nəticələnmişdi.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio