DÜNYA


Yaponiyada son bir ildə elektrik enerjisinin qiyməti 20-30 faiz qalxıb

Tokio, 30 sentyabr, AZƏRTAC

Yaponiyada son bir ildə elektrik enerjisinin qiyməti məişətdə istifadə üçün 20 faiz, sənaye müəssisələri üçün isə 30 faiz qalxıb.

AZƏRTAC xəbər verir ki, bu barədə parlamentin aşağı palatasında komissiyalardan birində dinləmələr zamanı Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nişimura məlumat verib.

Nazir əlavə edib ki, gələn ilin yazınadək ölkədə elektrik enerjisinin qiyməti daha 20-30 faiz arta bilər. Y.Nişimura artımın səbəbini Yaponiyanın sıxılmış qazı və kömürü tamamilə xaricdən alması ilə izah edib. Nazirin sözlərinə görə, hökumət hazırda elektrik enerjisi məsrəflərinin artması ilə əlaqədar ölkə iqtisadiyyatının yaşaya biləcəyi gərginliyi azaltmaq üçün tədbirlər paketi üzərində çalışır.

Qeyd edək ki, Yaponiyanın Baş naziri Fumio Kişida da Nazirlər Kabinetinin sentyabrın 30-da keçirilən iclasında iqtisadiyyata cavabdeh olan nazirlərə qiymət artımının qarşısının alınması, əməkhaqlarının artırılması və investisiyaların genişləndirilməsi barədə göstəriş verib. Həmin tədbirlərin ilin sonunadək qəbul ediləcək cari maliyyə üçün əlavə büdcə layihəsində konkretləşdirilməsi nəzərdə tutulur. Bu sənəddə elektrik enerjisinin qiymətlərinin artmasının qarşısını almaq məqsədilə addımların atılmasına xüsusi diqqət yetirilir.

Bununla yanaşı, oktyabrda Yaponiyada təqribən 6,5 min əmtəənin – xüsusən ərzaq məhsullarının, spirtli və spirtsiz içkilərin qiymətlərinin artacağı gözlənilir. Buna əsas səbəb kimi elektrik enerjisinin qiymətinin artması göstərilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.