İQTİSADİYYAT


Yaponiyada təşkil olunacaq beynəlxalq sərgidə Azərbaycanı təmsil edəcək şirkət açıqlanıb

Tokio, 12 noyabr, AZƏRTAC

Noyabrın 17-dən 19-dək Yaponiyanın Osaka şəhərində təşkil olunacaq “JFEX-2021” (Yaponiya Beynəlxalq Emal Edilmiş Qida Məhsulları Sərgisi”) beynəlxalq sərgisində Azərbaycanı Balakən rayonunun “Balxurma” şirkəti təmsil edəcək.

Bu barədə AZƏRTAC-ın Yaponiya üzrə xüsusi müxbirinə “TET International Development Co.Ltd.” şirkətinin prezidenti Taro Savada məlumat verib. Yaponiyalı iş adamı bildirib ki, bütün Asiya regionunu əhatə edən “JFEX-2021” beynəlxalq sərgisi artıq 4 ildir ki, “Reed Exhibitions Japan Ltd.” şirkəti tərəfindən təşkil olunur. Bu sərgidə dünyanın müxtəlif ölkələrindən gəlmiş şirkətlərin nümayəndələri öz məhsullarını nümayiş etdirirlər. Hər il sərgidə yüzlərlə şirkət təmsil olunur və cari ildə də dünyanın 90 ölkəsindən 1000-dək şirkətin iştirakı gözlənilir. Sərgi adətən üç istiqaməti - “Qida məhsulları”, “Şərab və spirtli içkilər” və “Ət və süd məhsullar” kimi bölmələri əhatə edir. Sərgidə yalnız ixracatçılar deyil, həmçinin distribüterlər, topdan satış və pərakəndə satış şirkətləri, super marketlər və univermaqlar iştirak edirlər. Sərgiyə ictimai iaşə obyektlərinin, otellərin və restoranların da nümayəndələri qatılırlar.

T.Savada bildirib ki, sərgi çərçivəsində təşkil olunan görüşlər və seminarlar hər bir şirkətə öz məhsulunu yaxından tanıtmaq və müştərilərlə razılaşmaq imkanı verir. Cari ildə sərginin hibrid formatda təşkili isə iş adamlarına Osakaya gəlmədən bu beynəlxalq tədbirə qatılmaq imkanı yaradıb.

Yapon iş adamı qeyd edib ki, cari ildə Azərbaycanın Balakən rayonunun “Balxurma” şirkəti də ilk dəfə olaraq bu beynəlxalq sərgiyə qatılacaq. Şirkət üçün ayrılmış xüsusi stenddə istər Yaponiyadan, istərsə də qonşu ölkələrdən gələn və bu sahə ilə maraqlanan iş adamlarına şirkətin məhsulları haqqında hərtərəfli məlumat verməyə çalışacağıq. Əminik ki, özünün yüksək keyfiyyəti, təbiiliyi və xüsusi tamı ilə seçilən Azərbaycan məhsulları ziyarətçilərin diqqətini cəlb edəcək. Bununla da “Made in Azerbaijan” brendi yalnız Yaponiyada deyil, ətraf ölkələrdə də geniş tanınacaq.

Əlavə olaraq qeyd edək ki, təşkilatçılar cari ildə üç gün davam edəcək sərgiyə 40 minədək ziyarətçinin baş çəkəcəyini planlaşdırırlar.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.