DÜNYA
Yaponiyada üzgüçülük hovuzları üçün koronavirusdan qoruyan maska hazırlanıb
Tokio, 7 iyun, AZƏRTAC
Yaponiyada üzgüçülük hovuzları üçün koronavirusdan qoruyan xüsusi maska hazırlanıb.
AZƏRTAC “Asahi shimbun” qəzetinə istinadla xəbər verir ki, formaca tibbi maskaya oxşayan həmin qoruyucu vasitədən həm üzgüçülük məktəblərinin təlimçiləri, həm də üzgüçülər istifadə edə bilərlər.
Bildirilir ki, görünüşünə görə tibbi maskaya oxşayan bu maskalar xüsusi şəffaf materialdan hazırlanıb və onun daxilində, burun üzərində sərt qövs var. Bu, maskanın daxilində havanın qalmasına şərait yaradır və üzən zaman həmin yerdən keçən su hərəkətə maneə yaratmır. Bununla yanaşı, həmin maskalardan sürətli üzmə zamanı istifadə olunması tövsiyə edilmir.
Məlumata görə, belə bir maskanın hazırlanması ideyası keçmiş peşəkar üzgüçü, “Rockin pool” şirkətinin rəhbəri Cun Nişiqavaya məxsusdur.
Əsasən üzgüçülük üzrə təlimçilər üçün nəzərdə tutulan maska uşaqlarla təmas zamanı yoluxma təhlükəsini aradan qaldırmağa kömək edir.
Qeyd edilir ki, daxilində 10 ədəd maska olan bir dəstin qiyməti 29800 yendir (təqribən 270 dollar). Aprelin sonlarında başlanan satışlardan sonra həmin dəstin alınması üçün 16 mindən çox sifariş daxil olub və bu, dayanmadan artır.
Xatırladaq ki, Yaponiyada üzgüçülük hovuzları fövqəladə vəziyyət rejimi ləğv olunduqdan sonra fəaliyyətini bərpa edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio