DÜNYA
Yaponiyada vaksinasiya ilə əlaqədar əcnəbilər üçün məsləhət mərkəzləri açılacaq
Tokio, 4 mart, AZƏRTAC
Yaponiyanın yerli administrasiyaları koronavirusa qarşı vaksinasiya ilə əlaqədar həm yerli vətəndaşlar, həm də əcnəbilər üçün məsləhət mərkəzləri açacaqlar.
AZƏRTAC xəbər verir ki, Yaponiyada yaşlı insanların vaksinasiyasına yaxın vaxtlarda başlamaq planlaşdırılır.
Bildirilir ki, Yaponiyanın qərbində yerləşən Tokuşima prefekturasının administrasiyası vaksinasiya nəticəsində yarana biləcək yan təsirlərlə əlaqədar Çağrı mərkəzi açmağı nəzərdə tutur. Prefekturanın hakimiyyət orqanlarının bildirdiyinə görə, bu mərkəzlər yerli sakinlər arasında vaksinasiya başlayan kimi açılacaq. Əcnəbiləri məlumatlandırmaq üçün isə tərcüməçilər işə cəlb olunacaq.
Yaponiyanın mərkəzi hissəsində yerləşən Aiçi prefekturasının Qamaqori şəhərində artıq cari ayın əvvəlindən yerli sakinlər üçün belə mərkəz təşkil edilib. Yerli bələdiyyənin nümayəndələrinin bildirdiyinə görə, bu şəhərdə yaşayan əcnəbiləri məlumatlandırmaq üçün müxtəlif dillərdə sualları cavablandırmaq məqsədilə analoji Çağrı mərkəzi də yaradılacaq.
Qeyd edilir ki, belə addımlar Yaponiyanın bütün ərazisində atılacaq. Yaponiyada yaşayan əcnəbilərə yaşadıqları rayonların yerli administrasiyalarının əlaqədar fəaliyyət barədə informasiyalarını izləmək tövsiyə olunur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio