CƏMİYYƏT


Yaponiyada yaşayan azərbaycanlılar qalib Azərbaycan Ordusuna sovqat göndəriblər

Tokio, 13 noyabr, AZƏRTAC

Yaponiyada yaşayan azərbaycanlılar Qarabağ müharibəsində böyük Qələbə qazanmış Azərbaycan Ordusunun əsgərlərinə sovqat göndəriblər.

AZƏRTAC xəbər verir ki, hazırda Tokioda yaşayan azərbaycanlı Nərminə Aslanovanın soyuq havada düşmənə qarşı mətinliklə mübarizə aparan qəhrəman Azərbaycan əsgərlərinə xüsusi materialdan hazırlanmış isti paltarlarının alınıb göndərilməsi barədə təşəbbüsü Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin üzvləri, ölkəmizin Yaponiyadakı səfirliyinin əməkdaşları, “Gündoğar ölkə”nin müxtəlif şəhərlərində yaşayan soydaşlarımız, türk icmasının üzvləri, həmçinin Azərbaycanın dostu olan yaponlar tərəfindən dəstəklənib.

Qısa müddətdə toplanan vəsaitə Yaponiyanın tanınmış “Uniqlo” ticarət şəbəkəsindən yüksək keyfiyyətli 222 ədəd isti geyim dəsti alınıb. Ümumi həcmi beş qutu təşkil edən sovqatın yanına Yaponiyada yaşayan azərbaycanlı uşaqların yazdığı məktublar da əlavə olunub. Həmin məktublarda 30 ildir düşmən tapdağı altında qalan ərazilərimizin azad edilməsində göstərdikləri qəhrəmanlığa görə Azərbaycan əsgərinə minnətdarlıq öz əksini tapıb.

Azərbaycanın Yaponiyadakı səfirliyi tərəfindən həm sənədləşmə işlərinə yardım göstərilib, həm də bu sovqatı Bakıya təmənnasız olaraq çatdıran “Silk Way West” aviaşirkətinin Yaponiya nümayəndəliyi ilə danışıqlar aparılıb.

Noyabrın 7-də Bakıya göndərilən sovqatlar artıq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq qurumlarına təqdim olunub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.