DÜNYA
Yaponiyada yeni immunoterapevtik preparatın klinik sınaqlarına başlanıb
Tokio, 15 oktyabr, AZƏRTAC
Yapon tədqiqatçılar bütün ölkədə xərçəngin müalicəsi məqsədilə yeni immunoterapevtik preparatın, o cümlədən bazara “Opdiva” adı ilə təqdim edilən dərmanın klinik sınaqlarına başlayıblar.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, onkoloji xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan yeni preparatların əsas xüsusiyyəti xəstələrin immun sistemini stimullaşdırmasıdır.
“Opdiva” preparatı Kioto Universitetinin professoru Tasuku Honzyonun elmi tədqiqatlarına əsaslanır. Professor T.Honzyo cari ildə fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görülmüş yapon immunoloqudur.
Bu preparatla bir xəstənin il ərzində müalicəsi 89 min dollar təşkil edir ki, bu da Yaponiyanın səhiyyə sistemi üçün ağır yükdür.
Bütün Yaponiyada 40-dan artıq tibb müəssisəsi, o cümlədən Milli Onkoloji Mərkəz birlikdə yeni preparatlar vasitəsilə müalicənin optimal davamlılığını tətbiq etməyi planlaşdırırlar.
Klinik sınaqlarda ciyər xərçənginə tutulan və həmin preparatlarla müalicənin bir il ərzində müsbət effekt verdiyi təqribən 220 xəstənin iştirakı nəzərdə tutulur.
Sınaqların iştirakçıları iki qrupa bölünəcək ki, onlardan birincisinin preparatların qəbulunu davam etdirməsi, digərinin isə müalicəni müəyyən müddətə saxlaması planlaşdırılır.
Tədqiqatçılar xəstələrin hər iki qrupunda əldə edilən tərəqqini müqayisə etməyi nəzərdə tuturlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio