DÜNYA


Yaponiyada yüksək keçiriciliyə malik kabelin sınaqlarına başlanılıb

Tokio, 13 yanvar, AZƏRTAC

Yaponiyada elektrik enerjisinin ötürülməsi zamanı itkiləri sıfır həddinə salan yüksək keçiriciliyə malik kabelin sınaqlarına başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 13-də “Nikkei” işgüzar qəzeti məlumat yayıb. Qeyd edilir ki, ölkənin nəhəng “Japan Railway” (“Yaponiya dəmiryolları”) şirkətinin mütəxəssisləri Miyazaki prefekturasında yerləşən poliqonda 1,5 kilometr uzunluqda yüksək keçiriciliyə malik kabelin çəkilişini başa çatdıraraq onun sınaqlarına başlayıblar.

Bu kabelin bütün dünyada ən uzun enerji ötürücüsü olduğu bildirilir. Həmin kabelin əsas üstünlüyünün onun hazırlandığı materialdan ibarət olduğu qeyd edilir. Belə ki, yeni kabel sıfırdan 196 Selsi dərəcə aşağı temperaturda ötürmə zamanı itkini sıfır həddinə endirir. Bu kabelin dünyada mövcud olan analoqlarında isə həmin göstərici sıfırdan 269 Selsi dərəcə həddində əldə edilir. Həmçinin Yaponiya şirkətinin hazırladığı kabel soyuducu məhlul kimi maye heliumun deyil maye azotun istifadəsinə imkan verir ki, bu da həmin prosesin maya dəyərini 10 faiz aşağı salır.

Hazırda sınağı aparılan kabel qatarların hərəkəti üçün lazım olan 1500 V gərginliyi də saxlamaq gücünə malikdir. Yaponiya Enerji İqtisadiyyatı İnstitutunun məlumatına görə, ölkə dəmir yolu sahəsində enerjinin ötürülməsi zamanı təqribən 4 faiz itki verir. Məsələn, Hindistanda bu göstərici 17 faiz təşkil edir. Bu, Yaponiya üzrə təqribən 160 min ailə təsərrüfatını elektrik enerjisi ilə təmin etməyə imkan verərdi.

Həmçinin qeyd edilir ki, hazırda belə sınaqlar Çin və Almaniyada da aparılır. Yaponiyada həmin kabelin kommersiya istifadəsinə nə vaxt başlanacağı barədə hələlik məlumat verilmir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.