DÜNYA


Yaponiyada yuxarı palataya seçkilərdə hakim koalisiya üçdəiki üstünlüyü təmin edə bilməyib

Tokio, 22 iyul, AZƏRTAC

Yaponiyada iyulun 21-də keçirilmiş seçkilərdə hakim koalisiya parlamentin yuxarı palatasına nəzarəti saxlasa da, həlledici faiz həddini təmin etmək üçün səs üstünlüyü qazana bilməyib.

AZƏRTAC xəbər verir ki, Konstitusiyaya dəyişiklik etmək istəyən koalisiya və qanunvericilər yuxarı palatada üçdəiki üstünlüyə malik olmayacaqlar.

Baş Nazir Şinzo Abenin rəhbərlik etdiyi Liberal Demokratik Partiya və onun koalisiya tərəfdaşı olan Komey Partiyası yuxarı palatada ümumilikdə 141 yerə yiyələnib. Beləliklə, hakim koalisiya parlamentdə seçkilərə qədər olan üstünlüyü təmin edə bilməyib.

Bununla yanaşı, müxalifət düşərgəsi əvvəlcədən olan yerlərlə birlikdə 104 yerə sahib olub.

Xatırladaq ki, iyulun 21-də keçirilən seçkilərdə yuxarı palatadakı yerlərin yarısı uğrunda mübarizə gedib.

Hakim koalisiya, Yaponiyanın Dirçəlişi Partiyası və Konstitusiyada dəyişiklikləri dəstəkləyən digər qanunvericilər ümumilikdə 160 yer qazanıblar.

Bu, Konstitusiyada dəyişikliklərin milli referenduma çıxarılmasını təmin etmək üçün hər iki palatada lazım olacaq səslərdən 4 yer azdır.

Seçkilər ərəfəsində təşkil edilən kampaniya zamanı namizədlər istehlak vergisinin artırılması, Konstitusiyada və ölkənin pensiya sistemində dəyişikliklərlə bağlı məsələləri müzakirə ediblər.

Seçkilərin nəticələrinə görə, hakim Liberal Demokratik Partiya 113 yer, onun koalisiya tərəfdaşı olan Komey Partiyası isə 28 yer qazanıb.

Müxalifətə gəlincə isə, Konstitusiyalı Demokratlar Partiyası 32, Xalq Üçün Demokratiya Partiyası 21, Kommunist Partiyası 13, Yaponiyanın Dirçəlişi Partiyası 16, Sosial Demokratik Partiya 2, “Reyva Şinsenqumi” Partiyası isə 2 yer qazanıb.

Digər partiyalar ümumilikdə 18 yer qazanıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.